''Fənərbaxça'' yığma üzvünü Madriddən İstanbula gətirdi

27.01.2024 18:55 218
Dünya futbolu
Bu qış Leonardo Bonuççi və Rade Kruniçi heyətinə qatan ''Fənərbaxça'' daha bir transferi bitirmək üzrədi.

İstanbul nəhəngi uzun müddətdi danışıqlar apardığı Çağlar Söyüncünün keçidini bitirməyə və ''Atletiko'' ilə anlamağa müvəffəq olub. Türkiyə yığmasının üzvü danışıqların son detallarını razılaşdırmaq üçün dünən gecə saatlarında İstanbula ayaq basıb. 27 yaşlı müdafiəçi tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə imza atacaq. O, mövsümün sonuna qədər ''Fənər''də icarə əsasında oynayacaq. İstanbullular nə qədər çalışsalar da Çağları daimi əsasda transfer etmək hüququnu ələ keçirə bilmədilər. Yəni bu futbolçu mövsümün sonunda Madridə qayıtmalı olacaq.

Qeyd edək ki, Söyüncü Madriddə ilk mövsümünü keçirir. Onun adaptasiyası elə də yaxşı keçmir. Çağlar çox az oynamaq şansı qazanır. Bu mövsüm o, cəmi 9 rəsmi oyunda 212 dəqiqə meydanda olaraq 1 sarı və 1 qırmızı vərəqə alıb. Çağlar oyun praktikasının azlığından əziyyət çəkdiyindən o, yığmada da əsas heyətdəki yerini itirib. Qarşıdan isə Avropa Çempionatı gəlir. Söyüncü həm öz ölkəsində, həm də Türkiyə yığmasının baş məşqçisi Vinçentso Montellanın gözü önündə oynamaq üçün 6 aylığa ''Fənər''ə gəlib.

ƏLİ