Baş məşqçisi Şahruddini "canlı bomba" adlandırdı - "Çox təcrübəli legioner qapıçı gətirilir"

8.02.2024 09:34 1 472
Dünya futbolu / Manşet
Yığmamızın qapıçısı Şahruddin Məhəmmədəliyev Türkiyə superliqasında növbəti məğlubiyyətini yaşayıb

Onun formasını geydiyi “Adana Dəmirspor” 24-cü turda səfərdə “Pendikspor”a uduzub - 1:2. Qolkiper rəqib komandanın iki dəqiq zərbəsini dəf edə bilməyib. Belədə Adana klubunun qələbəsiz oyunlar seriyası 7-yə yüksəlib. 24 oyundan sonra 31 xal toplayan komanda 9-cu sıradadı.

Yeri gəlmişkən, adanalılar qapıçı Ərtaç Özbirlə yolları ayırıb. 34 yaşlı qolkiper "Ankaragücü"nə keçib. O, yeni klubuyla ilyarımlıq müqavilə imzalayıb. Görəsən, bu addım nəyə hesablanıb? İndi Şahruddini "Adana Dəmirspor"un əsas qolkiperi saymaq olar? Yoxsa o da rəqibinin taleyini yaşamağa yaxındı?

"Football-plus.az" "Sportinfo TV" və "CBC Sport"un eksperti Elçin Cəfərovla birlikdə suallara cavab axtardı:

Baş məşqçisi Şahruddini "canlı bomba" adlandırdı - "Çox təcrübəli legioner qapıçı gətirilir"


"Bu barədə klub prezidenti Murat Sancakla söhbət etmişik. Bildirib ki, ən azı cari mövsümün sonuna qədər Şahruddinlə bağlı fikirləri dəyişməyəcək. Daha dəqiqi, onun yola salınması aktual deyil. Start heyətində şans verilməyə davam ediləcək. Komandanın yeni baş məşqçisi Hikmət Karaman da belə düşünür. O, hələ bu kollektivin rəhbəri təyin olunmamış Şahruddini tərifləmiş, həmçinin onu zarafatla "canlı bomba" adlandırmışdı. Bu hadisə futbolçu hələ "Qarabağ"da çıxış edərkən yaşanmışdı. Təsadüfən Karaman oyunçunun çalışdırıcısı oldu. Bildirim ki, Ərtaç Özbir məhz yeni baş məşqçini qane etmədiyindən yola salınıb. Məndə olan məlumata görə, çox təcrübəli bir legionerlə anlaşmaq istəyirlər. Burda Şahruddin çox diqqətli olmalı, bütün bilik və bacarıqlarından istifadə edərək ən yaxşı oyunlarını ortaya qoymalıdı".

KƏNAN BAHADIR