“Qarabağ”a minimal hesablı məğlubiyyətdən sonra “Kəpəz”in yarımmüdafiəçisi Elmir Tağıyev “Football-plus.az”a müsahibə verib.
32-ci dəqiqədə sarı vərəqə alaraq cəzalı duruma düşən futbolçu əvvəlcə düşüncələrini bölüşüb, daha sonra isə sualları cavablayıb:
“Çətin oyun olacağını bilirdim. Çünki “Qarabağ”ın necə komanda olduğunu hamı bilir. Komanda kimi çox yaxşı hazırlaşmışdıq. Əslində oyun istədiyimiz kimi də gedirdi. Hətta 1:0 önə də keçdik, təəssüf ki, sona qədər bu hesabı qoruya bilmədik. Buna baxmayaraq, yenə də belə bir komandaya qarşı çox yaxşı oyun nümayiş etdirdiyimizi düşünürəm. Özüm isə sarı vərəqə aldım. Bu 4-cü sarı vərəqəm oldu və cəzalı duruma düşdüm. Buna görə də “Araz-Naxçıvan”la matçı buraxmalı olacam. İnşallah, daha yaxşısını etmək üçün çalışırıq. Məşqçilər heyəti və futbolçular hamı əlini daşın altına qoyaraq komanda üçün əziyyət çəkir”.
- “Qarabağ” hesabı bərabərləşdirənə qədər oyunda dominantlıq sizdə idi. Lakin o qoldan sonra komandada bir eniş göründü, sanki ruh düşkünlüyü yaşandı. Sən bunu necə izah edərsən?- Xeyr, ruhdan düşmədik. Sadəcə, “Qarabağ” hesabı bərabərləşdirəndən sonra komandada bir az yorğunluq baş verdi. Dəyişikliklər oldu, lakin matçın sonuna 2 dəqiqə qalmış qapımıza penalti təyin edildi.
- Bəs penaltiyə səbəb olan 2-ci qol haqda nə deyə bilərsən? O epizodu Ehtiramın təcrübəsizliyi ilə əlaqələndirmək olar?- Doğrusu, o “sürüşmə” fəndi yorğunluqdan da baş verə bilər. Yəqin Zubirin zərbəsinin qarşısını almaq istəyirdi. Yəni bilərəkdən etdiyinə inanmıram.
KAMAL SƏFƏR