Türkiyə çempionatının debütantı ''Samsunspor''la bağlı maraqlı transfer xəbəri var.
Bu komanda heyətinə Avropada kifayət qədər tanınmış bir futbolçunu cəlb etmək üzrədi. Söhbət Duqlas Kostadan gedir.
Daha öncə ''Şaxtyor'', ''Bavariya'', ''Yuventus'', ''Qremio'' və son olaraq ''Los Anceles Qalaksi''də top qovan ''sambaçı'' qaradənizlilərlə ilkin anlaşma əldə edib. Onun yaxın günlərdə Türkiyəyə gələrək tibbi müayinədən keçəcəyi və 2,5 illik müqaviləyə imza atacağı gözlənilir. ''Samsunspor'' bu transferə görə pul ödəməyəcək. Çünki ''Los Anceles Qalaksi''dən hələ oktyabrda ayrılan Kosta azad agent statusundadı. Həm Almaniyada, həm də İtaliyada 3 dəfə ölkə çempionluğunu qazanan Kosta Braziliya yığmasında isə 31 oyun keçirib.
Onu da bildirək ki, ötən ilin sonlarına yaxın İdman Arbitraj Məhkəməsi (CAS) ''Samsunspor''a 2 dönəm üçün transfer cəzası vermişdi. Amma rəhbərlik İsveçrə Federal Məhkəməsinə müraciət edərək CAS-ın qərarını ləğv etməyə nail olmuşdu.
ƏLİ