Qış fasiləsindən yararlanan 1-ci liqa klubları təlim-məşq toplanışı keçir. Elitaya yüksəlməyə iddialı komandalardan biri də MOİK-di.
Görəsən, “hərbçilər”in transfer çalışmaları nə yerdədi? Bəs təlim-məşq toplanışına nə vaxt yığışırlar? Bu suallara cavab tapmaq üçün baş məşqçi Qəzənfər Abbasovla əlaqə saxladıq:
“Hələ ki transfer çalışmalarımız davam edir. Bir-iki futbolçuyla danışıq aparırıq. Keçidlər baş tutarsa, bu barədə xəbər verəcəyik. 21-dən etibarən Sumqayıtda təlim-məşq toplanışına yığışırıq və 9 gün orda qalacağıq. Elə yoldaşlıq oyunlarımız da orda olacaq. Yanvarın 21-də bir Afrika klubu, 25də “Qaradağ Lökbatan”, 29-da isə “Füzuli” ilə qarşılaşacağıq. Ümumilikdə üç yoxlama matçı planlaşdırmışıq”.
KAMAL SƏFƏR