17 iyun 1970-ci il. Ötən əsrin ən baxımlı oyunlarından birində İtaliya Almaniyanı əlavə vaxtda 4:3 məğlub edərək adını mundialın finalına yazdırır. Beləcə futbolçu Frants Bekkenbauer məşqçi Mario Zaqallo ilə qarşılaşmaq şansını itirir.
3 iyul 1974-cü il. Total futbolun sayəsində çoxlarını heyran edən Niderland yığması Braziliya üzərində parlaq qələbə qazanaraq finala vəsiqə əldə edir. Beləcə məşqçi Zaqallo futbolçu Bekkenbauer ilə üzləşmək şansını itirir.
1990-cı ilin mayı. BƏƏ yığmasına tarixində ilk dəfə mundiala vəsiqə qazandırmış Mario Zaqallo DÇ-nin başlamasına bir neçə gün qalmış postunu Karlos Alberto Parreyraya təhvil verir. Beləcə məşqçi Zaqallo ilə məşqçi Bekkenbauer mötəbər turnirin qrup mərhələsində qarşılaşmaq imkanından məhrum olurlar.
5 yanvar 2024-cü il. Həm futbolçu, həm məşqçi kimi dünya çempionu olmuş Zaqallo dünyasını dəyişir.
7 yanvar 2024-cü il. Həm futbolçu, həm məşqçi kimi eyni uğuru əldə etmiş Bekkenbauer də əbədiyyətə qovuşur.
Bəlkə orda görüşdülər...
ELZAMİN HACIYEV