“Bekkenbauerlə şəxsi tanışlığım 1967-ci ilə təsadüf edir”

12.01.2024 16:59 197
Ölkə futbolu / Manşet
Yanvarın 7-də dünya futbolunun əfsanələrindən biri gözlərini əbədi yumdu. 78 yaşlı Frants Bekkenbauer həyatla vidalaşdı.

Dünyaca məşhur almaniyalının vəfatı onun istedadının vurğunlarını kədərə qərq etdi. Azərbaycan futbol ictimaiyyəti üçün də Bekkenbauer yetərincə tanış simadı. Belə ki, SSRİ vaxtı bu ölkənin yığması dəfələrlə Almaniya Federativ Respublikasının yığmasıyla qarşılaşıb. Vaxtilə üç oyunda SSRİ yığmasının formasını geyən futbolumuz canlı əfsanəsi Kazbek Tuayev həmkarının vəfatıyla bağlı bunları dedi:

"Frants Bekkenbauerin ölümünə görə çox məyusam. Dünya futbolunda dərin iz qoymuş daha bir sima bizi tərk etdi. O, təkcə Almaniyanın yox, həm də dünya futbolunun ən güclü, möhtəşəm, əvəzsiz mərkəz müdafiəçilərindən biri idi. Bekkenbauer öz mövqeyində keçilməz sədd olmaqla yanaşı, həm də hücumların qurulmasında fəal iştirak edirdi. Yaxşı qol duyumu da var idi, “2-ci mərtəbə”də gözəl qollar vururdu. Bekkenbauerlə şəxsi tanışlığım 1967-ci ilə təsadüf edir. O vaxt "Neftçi" ilə AFR-ə - yoldaşlıq oyunları keçirmək üçün turnirə yollanmışdıq."Bavariya" və "Münhen 1860" komandalarına qarşı oynadıq. Bekkenbauer "Bavariya"da çıxış edirdi. Yoldaşlıq oyunu olmasına rəğmən, gərgin matç oldu. Yaddaşım məni aldatmırsa, rəqibi ya 2:1, ya da 3:2 üstələdik. Almaniya komandaları ilə oyunlarımıza çoxlu türk də gəlmişdi, bizə azarkeşlik etmişdilər. Hətta ikinci dünya müharibəsindən sonra Almaniyada mühacir həyatı yaşayan soydaşlarımız da stadiona təşrif buyurmuşdu. Mərhum Sergey Kramarenko onlarla səlis azərbaycanca danışıb hal-əhval da tutmuşdu. Yəni Almaniyaya səfərimiz zamanı həm Bekkenbaueri tanıdıq, həm də türklərin, mühacir soydaşlarımızın bizə azarkeşliyini gördük. Bekkenbauerə Allahdan rəhmət diləyirəm".

ABDULLA İSMAYILOĞLU