İtaliya kubokunun startı yanvarın 9-da verilən 1/4 finalında növbəti iki gündə daha üç duel baş tutdu. Bununla da yarımfinalın bütün iştirakçıları müəyyənləşdi.
"Football-plus.az" xəbər verir ki, reqlamentə əsasən, turnirin yarımfinalına qədər olan bütün mərhələlərinin qalibləri biroyunluq mübarizə nəticəsində müəyyən edilir. Mərhələnin ən çox maraq doğuran oyunu yanvarın 10-da paytaxtda keçirildi. Gözlənildiyi kimi, Roma derbisi emosional və dramatik alındı. Amma oyunun baxımlı keçdiyini söyləmək mümkün deyil. Derbinin nəticəsini yalnız bir qol həll etdi ki, o da penalti ilə vuruldu. “Olimpiko”dakı atmosfer hələ matç başlamazdan əvvəl gərgin və tutqun idi: “Latsio” və “Roma”nın fanatları nəhəng stadionu fişənglərin tüstüsünə qərq etmişdilər. Arena, belə desək, alışıb-yanırdı. Prinsipial xarakterli oyunun ən diqqətçəkən epizodlarından biri “Latsio”nun müdafiəçisi Romanyolinin fişəngi yalın əllə qazondan götürməsi oldu.
Oyuna gəlincə, ilk hissə olduqca darıxdırıcı keçdi: barışmaz rəqiblər fasiləyə qədər qapıya yalnız bir dəfə dəqiq zərbə endirə bildilər. Komandalar sanki meydana ilk növbədə bir-birinin oyununu pozmaq üçün çıxmışdılar. Bu səbəbdən hücum planında qətiyyən baxımlı olmayan futbol alındı. Qeyd etdiyimiz kimi, derbidə yalnız bir qol qeydə alındı. İkinci hissənin əvvəlində künc zərbəsindən sonra Vesino dabanı ilə topu Kastelyanos istiqamətinə yönəltdi, o isə Höysen ilə mübarizədə yerə yıxıldı. Hakim Daniele Orsato qayda pozuntusu qeydə almasa da, VAR-ın müdaxiləsi ilə penalti nöqtəsini göstərməli oldu. Zakkanyi “Latsio”nu hesabda önə keçirdi. Mauritsio Sarrinin komandasının bundan sonra bütün gücünü hesabı qorumağa sərf edəcəyi gözlənilirdi. “Roma” isə azı cavab qolunu vurmağa çalışdı. Joze Mourinyo ikinci hissədə meydana maksimum sayda hücumameyilli oyunçu buraxdı. Qeyd edək ki, bu planda “canavarlar”ın ən yaradıcı futbolçusu sayılan Dibala zədə səbəbindən fasilədən sonra derbidə görünmədi. Onun yoxluğunda isə sonradan mübarizəyə qoşulan Azmun, Belotti və Əl-Şaaravi hücumu əhəmiyyətli şəkildə gücləndirə bilmədilər. Doğrudu, Mourinyonun komandası son dəqiqələrdə məğlubiyyətdən qaçmaq üçün iki yaxşı imkan əldə etdi. Lakin qapıçı Mandas Belottinin təhlükəli zərbəsini dəf etdi, Lukakunun topu başı üzərindən endirdiyi zərbəsi isə dəqiq alınmadı. Derbinin gedişində ehtirasların ara-sıra coşduğunu da qeyd edək. Son dəqiqələrdə bu baxımdan vəziyyət daha da gərginləşdi və nəticədə komandalar matçı əskik heyətlərlə başa vurdular: Orsato Pedronu ikinci xəbərdarlıq, Azmunu isə birbaşa qırmızı vərəqə ilə meydandan qovdu. “Roma”nın müdafiəçisi Mançini isə etirazlarına görə ehtiyat oyunçular skamyasından qovuldu. “Latsio” əzəli rəqibini çəkişməli oyunda qazandığı qələbə ilə yarımfinala buraxmadı.
Çərşənbə günü Milanda baş tutan digər oyunda da bir qədər mübahisə doğuran epizod baş verdi. Ev sahibi matça daha yaxşı başladı və istəyinə fasilə ərəfəsində çatdı. Lakin “Atalanta”nın Leaonun qoluna cavabı çox erkən gəldi: Koopmeyners Mirançukun ötürməsi ilə hesaba tarazlıq gətirdi. İkinci hissədə qonaq komanda daha yaxşı təsir bağışladı. Berqamolular birsaatlıq mübarizənin sonunda əməyinin bəhrəsini gördülər. Koopmeyners bu dəfə Mirançukun qazandığı penaltini qola çevirdi. Hesabda geri düşən “Milan” uzun müddət özünə gələ bilmədi. Can Pyero Qasperininin komandası inamlı oyunu ilə yarımfinala adladı.
1/4 finalın sonuncu oyununda “Frozinone”nin növbəti sensasiyaya nail olub-olmayacağı maraqla gözlənilirdi. Əvvəlki mərhələdə Neapolda “Napoli”ni 4:0 (!) hesabı ilə darmadağın edən Eusebio Di Françeskonun komandası Turində “Yuventus”a qarşı heç nə edə bilmədi. Təcrübəli polşalı hücumçu Milikin het-triki və türk yeniyetmə Yıldızın qolu ölkə nəhənginin asan qələbəsini təmin etdi.
Beləliklə, ilk oyunları aprelin 3-nə təyin olunan yarımfinalda cütlər belə formalaşdı: Fiorentina - Atalanta, Latsio – Yuventus.
1/4 final
Latsio – Roma 1:0
Zakkanyi, 51-p.
Latsio: Mandas, Latsari (Luka Pelleqrini, 67), Patrik, Romanyoli, Maruşiç, Kataldi (Rovella, 67), Genduzi, Vesino, Felipe Anderson, Zakkanyi (Pedro, 68), Kastelyanos (İsaksen, 77).
Roma: Patrisio, Karsdorp (Spinatsola, 54), R.Kristensen, Mançini, Höysen (Belotti, 81), Zalevski (Azmun, 58), Bove (Əl-Şaaravi, 76), Paredes, Kristante, Dibala (Lorentso Pelleqrini, 46), Lukaku.
Milan – Atalanta 1:2
Leao, 45 - Koopmeyners, 45+2. Koopmeyners, 59-p.
Milan: Menyan, Ernandes, Qabbya (Kyaer, 39), Ximenes (Terraçano, 61), Kalabriya (Şimiç, 62), Reynders (Adli, 73), Musa, Pulişiç, Loftus Çik (Jiru, 73), Leao, Yoviç.
Atalanta: Karnesekki, Kolaşinats, Cimşiti, Skalvini (Xin, 86), Rucceri (Zappakosta, 78), Holm, De Roon (Paşaliç, 42), Ederson, Koopmeyners (Muriel, 86), Mirançuk, De Ketelare (Skamakka, 78).
Yuventus – Frozinone 4:0
Milik, 11-p.; 38; 48. Yıldız, 61.
Yuventus: Perin, Danilo, Bremer, Qatti, Vea (Kambyaso, 71), Kostiç, Lokatelli (Nikolussi Kavilya, 62), Makkenni, Miretti (Aylinq-Cunior, 62), Yıldız (Nonj Boende, 78), Milik (Vlahoviç, 62).
Bu mərhələnin çərşənbə axşamı keçirilən oyununun nəticəsi: Fiorentina – Bolonya 0:0, p. – 5:4.
Faktlar
* Sarri “Latsio”nun baş məşqçisi kimi “Roma”ya qarşı bütün turnirlərdə keçirilən 6 oyunda 4-cü qələbəsini qazandı. Sonuncu dəfə belə göstəriciyə komandanı 1997-99-cu illərdə çalışdıran Sven-Yoran Eriksson nail olub.
* “Atalanta” Can Pyero Qasperininin başçılığı altında ölkə kubokunda 4-cü dəfə yarımfinala adladı. Maraqlıdı ki, komanda bu mütəxəssisə qədər turnirdə 4 dəfə yarımfinalda oynamışdı. Berqamolular Qasperini ilə daha əvvəl 2018, 2019 və 2021-ci illərdə bu mərhələyə vəsiqə qazanıblar.
* “Milan” ardıcıl ikinci mövsüm yarımfinala çıxa bilmədi. Ümumiyyətlə, komanda İtaliya kubokunu sonuncu dəfə 21 il əvvəl – 2002/03 mövsümündə qazanıb. “Milan” ötən müddətdə yalnız iki dəfə finalda görünüb ki, sonuncu belə fakt 2018-ci ildə qeydə alınıb.
* Koopmeyners bu mövsüm bütün turnirlərdə rəqib meydanında 5 qol vurub. “Atalanta”nın yarımmüdafiəçisi bu planda Avropanın 5 aparıcı liqasında yalnız “Real”ın xavbeki Cud Bellingemdən (11) geri qalır. Bruno Fernandeş (Mançester Yunayted) ilə Koul Palmerin (Çelsi) hesabında da 5 qol var.
Oyundan sonra
Joze Mourinyo, “Roma”nın baş məşqçisi: “Mənə elə gəldi ki, ilk hissədə daha çox xarakter göstərdik, oyuna yaxşı hazırlaşmışdıq, lakin Dibalanı itirəndə meydanda hər şey sürətlə dəyişir. O, olmayanda müdafiə ilə hücum arasında əlaqə qırılır, ustalıq səviyyəmiz aşağı düşür. Derbidə uduzmaq həmişə ağrı verir. Ciddi çətinliklərimiz var, daim müxtəlif problemlərə qarşı mübarizə aparırıq. Çətinliklərin fonunda “Napoli”, “Yuventus” və “Atalanta” ilə son oyunlarımızı çox yaxşı keçirmişik, son iki matçda uğurlu nəticəyə layiq idik. Bu gün, belə desəm, müasir futbola uyğun gələn penaltiyə görə uduzduq. Bu, epizodun 3 metrliyində olan hakimin təyin etmədiyi, lakin VAR-ın verdiyi 11 metrlik cərimə zərbəsidi. Hakimlərə belə hallarda özlərini məhz bu cür aparmaq məsləhət görülür. Futbolçular 20-30 il əvvəl indiki kimi qazona yıxılmazdılar. Penalti sonuncu addım sayılmalıdı. Hakim bunu təyin etməməkdə haqlı idi. Ancaq o, ekran qarşısında oturub futbolçunun ifasında göstərilən şounu müşayiət etməklə minimal təmasa görə qərar verən həmkarına qarşı çıxa bilməz. Mən bu təmasın penalti olmadığını demək istəmirəm, ancaq mövcud vəziyyət belədi. Top-hakim oyunu hərtərəfli təhlil edir, amma matç komandalardan biri hesabı açandan sonra başa çatır. Ona görə ki, Orsato oynamağa imkan vermir. Derbidə uduzmaqla üzərimizə və möhtəşəm fanatlarımızın çiyinlərinə ağır yük qoymuş olduq. Ancaq irəli addımlamaq lazımdı. Bizim üçün möcüzəvi matçlar seriyası bazar günü “Milan”a qarşı oyunla sona çatacaq. Və uzun müddətdən sonra bərpa üçün ilk dəfə bir həftəlik vaxtımız olacaq”.
Stefano Pyoli, “Milan”ın baş məşqçisi: “İlk hissəni çox yaxşı keçirdik, hesabı açmağa layiq idik, amma bundan sonra çox sadəlövh oyun göstərdik. “Atalanta”nın hesabı bərabərləşdirdiyi epizodda müdafiədə daha yaxşı oynamalı idik. Ancaq həqiqət budu ki, meydanda hər şeyi qapımıza təyin olunan penalti dəyişdi. Məncə, orda qayda pozulmamışdı. Hesabda geri düşəndən sonra başımızı itirdik, oyuna nəzarəti əldən verdik. İndi VAR haqqında çox danışılır. Amma yenə deyirəm, orda penalti yox idi. Futbolçumuz Ximenes əvvəlcə topa oynamışdı, rəqib oyunçu isə təmasdan əvvəl qazona yıxılmağa başlamışdı. Nəticədə bizim üçün xoş bitməyən gecə oldu. Oyunun gedişinə daha yaxşı reaksiya verə bilərdik. Futbolçularımızın əla keçirdikləri ilk hissədən sonra məğlubiyyətə görə narazılığını yaxşı anlayıram. Amma azı hesabı bərabərləşdirmək üçün lazımi qədər vaxt da vardı. Biz əlverişli məqamlardan yararlana bilmədik”.