Günter Ştayner “Formula-1” komandalarından “Haas”ın rəhbəri vəzifəsindən ayrılıb.
"Football-plus.az" xəbər verir ki, bu haqda məlumatı Amerika komandasının mətbuat xidməti yayıb. 58 yaşlı italiyalı menecer son 10 il ərzində “Haas”da çalışıb. Ştaynerin əsas köməkçilərindən biri Ayao Komatsu onun boşaltdığı vəzifəni tutub. Yaponiyalı mütəxəssis komandanın ümumi strategiyasına və nəticələrə görə cavabdehlik daşıyacaq. “Haas”ın bununla bağlı yaydığı bəyanatda deyilir:
“İrəliləmək istəyən bir təşkilat kimi bizə aydındı ki, trassdakı nəticələri yaxşılaşdırmaq lazımdı. Ayao Komatsunu komandanın rəhbəri təyin etməklə biz, demək olar ki, idarəçiliyimizin əsasına mühəndis işini qoyuruq”.
“Haas”ın sahibi Cin Haas da Ştaynerin istefasına münasibət bildirib:
“Hər şey nəticə ilə ölçülür. Bu, 8-ci mövsüm idi, bu müddətdə 160-dan artıq yarışa çıxdıq, bir dəfə də fəxri kürsüyə yüksəlmədik. Son bir neçə ildə ya doqquzuncu olmuşuq, ya da onuncu. Mən heç də bunun günahının Günterdə olduğunu demirəm. Sadəcə, belə görünür ki, dəyişikliklər, başqa istiqamətdə irəliləmək üçün münasib vaxt yetişib. Məndə belə hiss yoxdu ki, indiyə qədər getdiyimiz yol hansısa nəticəyə gətirib çıxaracaq. Enində-sonunda hər şeyi nəticələr həll edir. Mənə bundan sonra 10-cu yer maraqlı deyil”.
Xatırladaq ki, “Haas” dünya çempionatının 2023 mövsümündə cəmi 12 xal toplamaqla Mühəndislər kubokunda sonuncu yeri tutub.