“Noyabr ayı olsa da, hələ yüksək liqada yeni mövsüm başlamayıb” – Vitali Borisov nədən narazıdı?

12.11.2026 19:44 0
İdman / Manşet
Noyabrın 8-də futzal üzrə dünya çempionatının əsas mərhələsində növbəti oyununu keçirən yığmamız Bakı İdman Sarayında Latviyaya biabırçı hesabla uduzdu (1:5). Komanda 5-də isə Lənkəranda Çexiya ilə heç-heçə etmişdi (2:2). İndi yığmanın bu mərhələni lider kimi tamamlamaq şansı tükənib.

Uğursuzluğun səbəbləri haqda fikrini öyrənmək üçün yığmamızın və “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Vitali Borisova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Mən də Latviya ilə oyunu canlı izlədim. Çünki AFFA 20-yə yaxın veteranı matça dəvət etmişdi. Belə gözəl təşəbbüs üçün federasiyaya təşəkkür edirəm. Heyətə gəlincə, düşünmürəm ki, komanda gənc və təcrübəsizdi. Çünki həmin futzalçılar əvvəlki baş məşqçi Yevgeni Kukseviçin də dövründə oynayırdı. Məncə, təcrübələri var. Sadəcə, noyabr ayı olsa da, hələ yüksək liqada yeni mövsüm başlamayıb. Latviya və Çexiyada isə çempionat matçları keçirilir. Bizdə yalnız “Araz-Naxçıvan” Çempionlar Liqasında 2-3 oyun keçirib ki, bu da ümumi sistemə ciddi təsir göstərmir. Bu səbəbdən rəqiblər daha hazırlıqlı görünürdü. Hər biri formada idi. Hər halda, komandamız hər iki matçda əlindən gələni etməyə çalışdı. Yeni məşqçilərə uğurlar arzulayıram. İnanıram ki, bir müddət sonra uğurlu nəticələrə imza ata biləcəklər”.

Fürsətdən istifadə edib, mütəxəssisdən futzala qayıtmaq fikrində olub-olmadığını da soruşduq:

“Düzü, təklifim yoxdu. Bildiyimə görə, “Araz-Naxçıvan”, “Neftçi” və “Baku Fire” məşqlər edir. Sadəcə, hər birinin məşqçiləri var. Hamısına uğurlar arzulayıram. Yeni komandaların yaradılacağını eşitmişəm. Ümid edirəm, futzalımız daha da inkişaf edəcək”.

KƏNAN BAHADIR