“Səbail” də gözləyir, Tural Bayramlının vəkili də - amma nəyi?

11.01.2024 21:37 231
Premyer-liqa / Manşet
“Araz-Naxçıvan”ın futbolçusu Tural Bayramlının keçmiş klubu “Səbail”dən müqavilənin şərtlərini yerinə yetirmədiyinə görə AFFA Apellyasiya Arbitraj Tribunalına şikayət etdiyini, qurumun futbolçunun şikayətinin qismən təmin edilməsi və ona 70 min manat təzminat ödənilməsi ilə bağlı qərar çıxardığını xəbər vermişdik. Halbuki futbolçu “dənizçilər”ə transfer qadağasının qoyulmasını da tələb edirdi.

Tərəflərin bu qərardan razı qalıb-qalmaması maraq doğurur. Çünki “Səbail” qərarı il dəyişəndən sonra keçiriləcək iclasda müzakirə edəcəklərini bildirmişdi. Bu məsələyə aydınlıq gətirmək üçün yenidən klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədovla danışdıq. Onun “Football-plus.az”a dedikləri:
“Bu məsələnin Müşahidə Şurasında müzakirə olunacağını demişdik. Hələ ki iclasımız olmayıb”.


Bəs iddiaçı tərəf, yəni Tural Bayramlı AFFA Apellyasiya Arbitraj Tribunalının qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəkmi? Bunun üçün oyunçunun vəkili Elcan Həsənlinin fikirlərini öyrənməyə çalışdıq:
“Haqqımızda qəbul edilən qərar rəsmi şəkildə, yəni yazılı formada bizə təqdim edilməyib. Bu, bizə təqdim olunandan sonra 21 gün zamanımız olacaq. Ona görə də hələ ki bu barədə heç nə deyə bilmərik”.

KAMAL SƏFƏR