Xatırladaq ki, 25 yaşlı yarımmüdafiəçi sabiq klubunu məhkəməyə vermişdi. O, “dənizçilər” tərəfindən haqsızlıqla üzləşdiyini iddia edirdi. Daha dəqiq desək, Bayıl təmsilçisini müqavilədəki şərtləri yerinə yetirməməkdə suçlayırdı. Oktyabrda AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsi Turalın şikayətinə baxıb. Nəticədə "Səbail"dən kompensasiya tələbi və kluba idman sanksiyası tətbiq edilməsi ilə bağlı iddia təmin edilməyib. Bundan sonra yarımmüdafiəçi AFFA Apellyasiya Arbitraj Tribunalına müraciət edib. Futbolçunun vəkili Elcan Həsənli noyabrda “Səbail”in nümayəndəsinin iclasda iştirak etmədiyini və bu səbəbdən prosesin təxirə salındığını demişdi. Artıq məsələylə bağlı yekun qərar bəllidi.
Bazar ertəsi şikayət qismən təmin edilib. Yəni “Səbail” iddiaçı Tural Bayramlının xeyrinə ikinciyə dəymiş zərərin əvəzi kimi 70 min manat ödəməli olacaq. Göründüyü kimi, Apellyasiya Arbitraj Tribunalı şikayətin qalan hissəsini təmin etməyib və Lozannadakı İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah olunub. Futbolçunun vəkili Elcan Həsənlidən təmin etmədiyən məsələnin nədən ibarət olduğunu soruşduq. Onun “football-plus.az”a söylədikləri:
“Tələb edirdik ki, dəymiş 70 min manat ziyanın ödənilməsiylə yanaşı, “Səbail”ə idman sanksiyası verilsin, kluba üzürsüz səbəbdən futbolçu ilə müqaviləyə xitam verdiyindən iki transfer dönəmində oyunçu almaq qadağan olunsun. Lakin alınmadı. Hələ ki Tural bəylə görüşüb qərarı müzakirə etməmişik. Bu üzdən məsələnin bitib-bitmədiyini deyə bilmərəm. Futbolçu istədiyi halda İdman Arbitraj Məhkəməsinə müraciət edəcəyik”.
KƏNAN BAHADIR






