Hələ yaxşı ki ciddi xəsarət alan olmadı. Həmin dirəyin aşması ilə bağlı ekspert rəyi hələ açıqlanmayıb, üstəlik işıqlandırma sistemi də qaydasında deyil. Bu üzdən Tovuz klubu növbəti ev oyunlarını təbii işıqlandırma şəraitində, yəni günorta saatlarında keçirməyə məcburdu. Heç şübhəsiz, belədə tovuzluların çox öyündüyü azarkeş sayında azalma olacaq. Axı axşam saatlarında keçirilən oyunlar daha böyük auditoriya toplayırdı.
Bu məsələ ilə bağlı klubla azarkeşlər arasında əlaqələndirici Kamal Saqqayevlə əlaqə saxladıq:
“Bildiyiniz kimi, “Turan-Tovuz” - “Araz-Naxçıvan” oyununda projektorumuz sıradan çıxdı, hamımız çox üzüldük. Bəli, oyunların gündüzə salınması istər-istəməz təsir göstərəcək. Çünki azarkeşlərimizin əksəriyyəti işdə olur və oyunlara gəlməyə vaxtı olmur. Axşam saatlarında olanda isə azarkeşlər işdən çıxır və oyunu rahatca izləyir. Rəhbərliyimiz bu yöndə ciddi addımlar atır və tezliklə məsələ həll olunacaq. Fanatlar komandanın yanındadı. Həmişə komandamıza dəstək olacağıq. İnşallah, projektor problemi qısa zamanda aradan qaldırılar”.
ƏSƏD SEYİDOV






