Tanınmış futbolçu sosial şəbəkə səhifəsindəki vida paylaşımında bunları yazıb:
“Son 16 il ərzində Belçika yığması üçün əlimdən gələni etdim. Mümkün olan bütün duyğuları yaşadım. Həmişə minnətdar olacağım komanda yoldaşlarımla oynadım. Onlara da, məni hər zaman dəstəkləyən və motivasiyalandıran baş məşqçilərimə də təşəkkür edirəm. Bu, böyük və gözəl bir yol idi. Bu yolun hər bir anından zövq aldım. Təbii ki, bizi hər zaman dəstəkləyən fanatlarımıza da təşəkkür edirəm. Ölkəmi 4 dünya və 3 Avropa çempionatında təmsil etməyimlə qürur duyuram. Bu anları heç vaxt unutmayacam. Artıq vidalaşmaq zamanıdı. Hər şey üçün təşəkkürlər”.
Lukakunun yaşını nəzərə alsaq, o hələ bir neçə il də yığmaya yardım etmək iqtidarında idi. Onun yığma ilə vidalaşmağa hazırlaşması xəbəri heç bir mənbədə qeyd olunmamışdı. Ona görə də təcrübəli forvardın bu addımı hər kəs üçün gözlənilməz oldu.
Qaradərili futbolçu 2010-cu ildən bəri şərəfini qoruduğu Belçika yığması ilə titul qazana bilməsə də, onun göstəriciləri diqqəti çəkir. Lukaku yığmanın heyətində iştirak etdiyi 135 oyunda hesabına 94 qol, 20 məhsuldar ötürmə yazıb! Təsəvvür edin ki, Belçika yığması tarixinin ən məhsuldar oyunçuları siyahısında onun ən ən yaxın izləyicisi Kevin De Bruynenin hesabında yalnız 41 qol var. Futbol tarixində yığma komandalar səviyyəsində isə Lukaku ən məhsuldar oyunçuların siyahısında 5-ci pillədə qərarlaşıb. Onun 4-cü pillədəki hindistanlı Sunil Çhetriyə (95) çatmasına cəmi 1 qol qalmışdı.
Amma çox güman, gələn il Lukaku bu siyahıda geriləyəcək. Ondan sonrakı pillələrdə 93 qolla ingiltərəli Harri Keyn və 92 qolla Robert Levandovski qərarlaşıb. Hər iki futbolçu hələ ki yığma karyerasını davam etdirir.
Lukaku Belçikanın son iki oyununda, yəni Türkiyə və İtaliyaya qarşı matçlarda zədə üzündən iştirak etmədi.
Belə çıxır ki, o, yığma səviyysində son qolunu Türkiyənin qapısına vurdu. Millətlər Liqasının 3-cü turunda Belçikanın evdə Türkiyəni 3:0 yendiyi qarşılaşmada Lukaku yekun nəticəni müəyyənləşdirmişdi.





