İngiltərədəki dünya çempionatına da “Neftçi”dən ən azı 4 oyunçu götürülməliydi... - YUBİLEY YAZISI

19.11.2026 17:05 36
Yazarlar / Manşet
Noyabrın 30-u “Neftçi” və Azərbaycan futbolunun azarkeşləri üçün əlamətdar gündü. Həmin gün “ağ-qaralar”ın tarixində ilk dəfə bürünc medal qazanmasının 60 ili tamamlanır. “Futbol+” bu münasibətlə stajlı azarkeşlərdən Məzahir Əhmədoğlunun yazısını təqdim edir.
...Əlbəttə, o günlərə şahidlik edənlər, yaxud sonralar eşidib-bilənlər yenə həmin hadisəni xatırlayacaqlar. Yazanlar da olacaq. 60 ilin tamamına nə qalıb ki?! O illərin, o günlərin qeyri-adi nostaljisi məni bir az tələsdirdi. İndidən, 10-15 gün əvvəldən yazmağım da bu səbəbdəndi.
1966-cı il. Onuncu sinifdəyəm. Bütün işlərimlə, dərslərimlə, arzularımla bərabər İngiltərədə keçirilən futbol üzrə dünya çempionatına hazırlaşmışam. Artıq 4-5 ildi təhsillə bərabər həm futbol oynayır, həm də əsasən “Neftçi”nin oyunları olmaqla, bu cazibədar oyunu sonsuz həvəs və zövq ilə izləyirəm. Futbolu yaradanlar, nəhayət, öz ölkələrində keçirilən birinciliyi qazana bildilər. Ancaq Tofiq Bəhramovun özünəməxsus “VAR fenomeni” sayəsində...
O vaxtlar SSRİ-də futbol mövsümü fevralın sonu, martın əvvəlində başlayır, noyabrın axır günlərində başa çatırdı. “Neftçi” o vaxt “Neftyanik» adlanırdı. Yəni təkcə rus dilində yox, Azərbaycan türkcəmizdə də eləcə.
Komanda ildən-ilə güclənirdi. 1965-66-cı illərdə Şeyxov və Kramarenko kimi qapıçıları, Yaşar Babayev, Adil Babayev, Tofiq Axundov, Aleksandr Trofimov, Nikolay Boqdanov, Vyaçeslav Semiqlazov, Valeri Hacıyev kimi müdafiəçi və yarımmüdafiəçiləri, Adamas Qolodets, Viktor Zabrodin, eyni zamanda Tuayev – Markarov - Banişevski “üçlüy”ündən ibarət hücumçuları olan “Neftçi” “asansör” kompleksindən qurtulub, yüksək yerlər uğrunda mübarizə aparırdı.
Belə vəziyyət, deyəsən, Moskvada çoxlarının xoşuna gəlmirdi. Baxmayaraq ki, Banişevski və Markarovu birinci yığmaya, Tuayevi olimpiya yığmasına və s. daxil edirdilər. Markarov və Banişevski “Neftçi”də tandem olaraq, çox gözəl və faydalı oyun sərgiləyirdilər. Ancaq yığmanın məşqçiləri heç vaxt onların ikisini eyni zamanda meydana buraxmırdılar.
Hələ Banişevski tam parlamamış Markarov Minskin “Dinamo” komandasının hücumçusu, adaşı Eduard Malofeyevlə şərikli bombardir olmuşdu. Erməni olsa da, bakılıdı deyə, onu 1966-cı ilə qədər yığmaya yaxın buraxmadılar.
Yadımdadı ki, daha doğrusu, “Sovetski sport” qəzetində o illərin tanınmış futbol mütəxəssislərindən biri olan Sevidov “Neftçi”dən danışarkən, texnikalı oyun dəsti-xətti ilə fərqlənən komandamız haqda belə deyirdi: “Mən təkcə Eduard Markarovu Oleq Bazileviçlə Valeri Lobanovskinin ikisindən üstün tuturam”.
İngiltərədəki dünya çempionatına da “Neftçi”dən ən azı 4 oyunçu götürülməliydi. Yollar bağlandı və qərəzli münasibət hələ uzun müddət davam etdi. Yadıma düşmüşkən, bir məqamı da qeyd edim: hələ o dahi məşqçi Əhməd Ələsgərov olmasaydı, “Neftçi”ni elə “beşiyindəcə boğardılar”.
“Neftçi” həmin o güclü vaxtlarında ölkənin ən arxalı komandası olan MOİK-i Bakıda 4:0 hesabıyla məğlubiyyətə uğratmışdı. Markarov və Banişevski SSRİ yığmasının müdafiəsinin əsasını təşkil edən Şesternyov, İstomin və Kapliçnı mifini darmadağın etmişdi. Moskva bunun heyfini “Neftçi”də qoymadı. SSRİ kubokunun yarımfinalında Litvadan Kestitus Andzyulis ad-soyadlı bir farsın (fars sözünün mənasını oxucularla hər mənada bölüşürəm) futboldan, insanlıqdan, kişilikdən, ümumiyyətlə, müsbət anlaşılan bütün xüsusiyyətlərdən uzaq namərdliyi sayəsində “Neftçi” uduzduruldu. Bu, SSRİ futbol tarixində ən ləkəli səhifələrdən biri idi.
Bəzi çatışmazlıqlar, pərdəarxası maneələr olmasaydı, «Neftçi» 1965-66-67-ci illərdə çempionluğa da oynaya bilərdi. Təəssüf ki, komandada müəyyən qədər inamsızlıq da vardı. Ancaq 1966-cı ildəki oyun tərzi tam başqaydı. Gənc mütəxəssis Əhməd Ələsgərov Banişevski, Markarov, Kramarenko, Tuayev, Hacıyev kimi – indiki bənzətmə ilə desək, ulduzlarla birlikdə monolit, həm də yüksək texnikalı bir komanda formalaşdırmışdı.
Bakılılar daha paytaxt komandalarından çəkinmirdilər, həmişə medallara oynayan Tiflis “Dinamo”sunu da hərdən məğlub edə bilirdilər, “Zenit”i, “Şaxtyor”u da...
Rəsmi olmayan söhbətlərə görə, “Neftçi”nin Kiyev “Dinamo”su ilə dostluq əlaqələri var idi. Bu məsələ bir sıra hallarda hiss olunurdu da. Və beləcə, 1966-cı ilin son oyunlarına doğru kiyevlilər çempionluq uğrunda xal fərqini artıraraq onu izləyən komandaları gümüş və bürünc medallara “yönəltdi”.
Moskvanın “Spartak”, Rostovun OİK, Bakının “Neftçi” komandalarının şansları Tiflisin “Dinamo”, Moskvanın “Torpedo” və MOİK komandaları ilə müqayisədə daha yüksək görünürdü. Bu səbəbdən də Moskva komandaları “Spartak”a müəyyən vasitələrlə mümkün qədər kömək göstərir, ölkə paytaxtının medalsız qalmaması üçün birləşirdilər. İdmanda duyula biləcək belə hadisələr ancaq SSRİ-də mümkün ola bilərdi.
Markarov və Banişevski dünya birinciliyindən qayıdandan sonra “Neftçi” də hər dəfə meydana yalnız qələbə üçün çıxırdı. Rostovlular da Fedotovun sayəsində xeyli güclü görünürdülər.
Son turlarda gümüş və bürünc medalların taleyi təkcə futbol meydanlarında yox, sanki həm də şahmat taxtası üzərində həll olunmaqdaydı – müxtəlif üsullarla! Nəticədə rostovluların sona bir tur qalmış ikinci yeri tutacaqları məlum oldu. Sanki bu ilin çempionatının taleyi göylərdən gəlmişdi.
İlin əvvəlində tərtib olunmuş təqvimə əsasən, “Neftçi” son turda Bakıda məhz “Spartak”la qarşılaşmalıydı. O vaxtlar qələbəyə iki xal verilirdi. Turnir cədvəlindəki vəziyyətə görə “Neftçi” mütləq qələbə qazanmalıydı. Heç-heçə bakılılar üçün məğlubiyyətə bərabər olacaqdı.
Həmin gün, yəni 1966-cı il noyabrın 30-da Lenin adına Respublika stadionuna 45000 nəfər futbol azarkeşi “yerləşdirilmişdi”. Çünki o vaxt stadionun tribunalarında hər tamaşaçı üçün ayrıca kreslo yox idi, eləcə sektor boyunca uzununa taxta oturacaqlar... “Neftçi”ni bir çox sektorlarda sıx-sıx əyləşərək, eyni zamanda sektorlararası pilləkənlərdə cəmləşərək qələbəyə səsləmək qeyri-adi atmosfer yaradırdı. Bakı və bütün respublika həmin axşam bu oyuna köklənmişdi.
“Neftçi” oyunboyu nə “Spartak”a, nə də hakimlərə hansısa şans verdi. Banişevskinin 2, Markarovun isə 1 qolu böyükhesablı qələbəni təmin edərək həmin gecəni respublika bayramına çevirdi.
Düz 60 il əvvəl... Yeni nəsil bu hadisəyə adi hal kimi də baxa bilər. Ancaq nəzərə almaq lazımdı ki, hələ çar Rusiyası dövründən hər məqamda sıxışdırılan Azərbaycan sovet dövründə də davam edən bu ayırıcı ənənənin gizli simptomlarından əziyyət çəkirdi. Belədə Azərbaycanın hər bir uğuru, eyni zamanda idman nailiyyətləri yüksək dəyərləndirilməlidi. O vaxtlar Kirovabad adlanan qədim Gəncənin “Dinamo” komandası A qrupuna vəsiqə qazanandan sonra “Neftçi”yə və bütövlükdə Azərbaycan futboluna münasibətdə ədalətsiz yanaşmalar daha açıq şəkil aldı.
Bütün bunları bir daha yada salıb, qızıldan qiymətli bürünc xatirənin sevincini zədələməyək.
Bu, Azərbaycan futbolunun sovetlər dönəmində çox böyük bir zəfəri idi!
P.S. Mən yeddinci sinifdə oxuyarkən artıq rayonumuzda da ötürücü televiziya stansiyası qurulmuşdu. “Neftçi”nin Bakıda keçirdiyi və translyasiya olunan bütün oyunlarına baxa bilirdik.
1963-cü ilin avqustunda “Neftçi”nin indi dünya çempionatlarında iştirak edən Yaponiyanın milli olimpiya komandası ilə yoldaşlıq oyunu da televiziya vasitəsilə futbol həvəskarlarına təqdim olunmuşdu. “Neftçi” – Yaponiya: 10:0!