Futbolçunun durumuyla sonuncu dəfə dekabrın 19-da maraqlanmışdıq. Klubun mətbuat xidmətinin rəhbəri "Football-plus.az"a açıqlamasında kolumbiyalının yanvarın 5-də komandaya qoşulacağını demişdi. Bu gün təqvim həmin tarixi göstərsə də, Medinadan səs-soraq yoxdu.
Görəsən, kolumbiyalı hardadı? Sağlamlıq vəziyyəti necədi? Niyə göstərilən tarixdə Azərbaycana qayıtmadı?
Suallarımıza cavab tapmaq məqsədilə yenidən Anar bəyə müraciət etdik. Klub rəsmisi bu dəfə də yanvarın 15-ni nişan verdi:
"Bəli, Medina hazırda Portuqaliyadadı və səhhətiylə bağlı bərpa prosesi davam edir. 10 gün sonra Bakıya qayıdacaq. Gecikmənin səbəbi zədəsiylə bağlıdı. Qərarlar hər an dəyişə bilər. Çünki həkimlər futbolçunu daim nəzarətdə saxlayır və son durumuna əsasən fikir bildirir. Onsuz da Bakıya qayıtsa belə, oynaya bilməyəcək. İndi bərpa mərhələsinin harda baş tutması uyğun görünürsə, onu edirik. Azərbaycana gəlib bizim həkimlərin yoxlamasından keçəndən sonra yenidən Portuqaliyaya dönmək ehtimalı da var".
KƏNAN BAHADIR





