“Müalicə üçün qoyulan ilkin müddət üç aydı” - Medina üçün 2023 bitdi

5.12.2023 12:55 323
Aktual / Ölkə futbolu
"Qarabağ”ın aparıcı müdafiəçilərindən Kevin Medinanın zədələndiyini bilirsiz. Xatırladaq ki, o, Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Molde” ilə keçirilən səfər oyununda sıradan çıxmışdı. Nəticədə baş məşqçi Qurban Qurbanov 75-ci dəqiqədə kolumbiyalının əvəzinə Bədavi Hüseynovu meydana buraxmışdı.

Bəs müdafiəçinin son durumu necədi? O, yaşıl meydana nə vaxt dönəcək? Bu sualları Ağdam təmsilçinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyevə ünvanladıq. O, "Football-plus.az"a açıqlamasında dəqiq məlumatın olmadığını desə də, ümumi vəziyyət haqda məlumat verdi:

“Kevin Medinanın əməliyyatının vaxtı dəqiqləşmək üzrədi. Tam dəqiqləşəndən sonra açıqlama veriləcək. Əməliyyat ölkə xaricində olacaq. Müalicə üçün qoyulan ilkin diaqnoz müddəti təxminən 3 aydı. Əməliyyatdan sonra bu barədə oyunçunun cərrahı daha dəqiq məlumat verəcək”.


Belə görünür ki, təcrübəli futbolçu nəinki “Qarabağ”ın Bakıda “Həkken”ə qarşı oyununda, çempionatın qış fasiləsinə qədər keçiriləcək son üç turunda və ölkə kubokunda da komandasına kömək edə bilməyəcək. Allah şəfa versin!

MİRKAMAL KAZIMZADƏ