11 “fədai” getdi, bəs neçəsi gələcək?

31.12.2023 21:44 260
I liqa / Manşet
Futbol üzrə ölkə çempionatının 1-ci liqasında mübarizə aparan və aşkar autsayder olan “Difai Ağsu”da yaşanan proseslərdən baş açmaq çətindi.

Şəxsən biz uzun müddət Paşa Əliyevin, yoxsa Elgiz Kərəmlinin baş məşqçi olduğunu bilmədik. Hər halda, il başa çatan ərəfədə bəzi məqamlara aydınlıq gəlib. "Difai Ağsu" Elgiz Kərəmlini baş məşqçi postuna təsdiqləyəndən sonra 11 futbolçu (Elçin Əliyev, Fürdovsi Kazımov, Ruslan Hüseynov, Uğur İbrahimov, Bayram Paşazadə, Mehdi Əliyev, Fuad Məmmədzadə, Hacı Rüstəmov, Amil Cabbarlı, Tural Əmirhüseynov və Bəhlul Əliyev) ilə yolları ayırıb. Onlarla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Görəsən Ağsu təmsilçisi həmin oyunçuların yerini necə dolduracaq? Yeni futbolçular gətirməyi planlaşdırırmı? Bu suallarla klubun prezidenti Asəf Məlikova müraciət etdik. Onun "Football-plus.az”a söylədikləri:

"Komandaya oyunçuların cəlb olunması və ayrılması baş məşqçinin seçimidi. Bildiyiniz kimi, komandaya yeni baş məşqçi təyin olunub. Alınan qərarlar ona məxsusdu. Artıq baş məşqçi və skaut menecerlər yeni futbolçularla danışıq aparır. Yeni xəbərlər olan kimi mətbuata məlumat verəcəyik".

GÜNAY SÜLEYMANOVA