Açılış oyunnda "İrəvan" "Difai Ağsu"nu qəbul etdi. Ağsu təmsilçisi bəlkə də çempionatda hələlik ən yaxşı oyununu keçirsə də, nəticə ürəkaçan olmadı. İlk yarı qolsuz başa çatdı. Fasilədən sonra, daha dəqiq desək, 75-ci dəqiqədə ağsulular hesabı açsa da, onların sevinci 5 dəqiqə çəkib. Meydan sahibləri hesabı bərabərləşdirib. Matçın sonlarına yaxın qonaqların müdafiəçisi Seymur Rəhimov meydanda qovulub. Oyuna əlavə olunan dəqiqələrdə isə "İrəvan" futbolçuları 2 ardıcıl hücumla qollar vurmaqla yekun hesabı müəyyənləşdirib. Məğlubiyyətlə bağlı "Difai Ağsu"nun baş məşqçisi Elgiz Kərəmlidən açıqlama almaq istəsək də, o, həmin oyunda iştirak etmədiyini vurğuladı. Elgiz bəy bildirdi ki, U-19 yığmamızın elit raunddakı matçında iştirak edib. Komandanı meydana köməkçisi Aydın Qasımovun çıxardığını bildirdi. Amma protokolda Elgiz Kərəmlinin adı yazılıb. Məcburiyyətdən köməkçi məşqçiyə üz tutduq:
"Gərgin, maraqlı oyun alındı. Güclü rəqibə “dişimizi göstərdik”. Bu görüşdə uğursuz zolaqdan çıxmaq istədik, amma alınmadı. Hakimliklə bağlı etirazımız yoxdu. Bugünkü matçda uğursuzluğumuzun başlıca səbəbi təcrübəsizlikdi. Heyətimizdə elə oyunçular var ki, 1-ci liqadan kənarda peşəkar karyerası olmayıb, onlar çempionatda ilk addımlarını atır. Ümidimizi itirmirik, irəli baxmalı və qara zolaqdan çıxmalıyıq. Rəhbərliyə də dərin təşəkkürümüzü bildiririk. Çətin zamanlarda həmişə yanımızdadı".
ABDULLA İSMAYILOĞLU






