Kilian Mbappenin mövsümün sonunda PSJ-ni tərk etmək ehtimalı bir qədər də artıb. İndi bunun üçün daha ciddi səbəb var.
PSJ-nin hücumçusu ilə baş məşqçi Luis Enrike arasındakı münasibətlər son bir həftə ərzində əhəmiyyətli dərəcədə pisləşib. Bunu “Ekip” qəzeti xəbər verib. Fransanın populyar idman nəşrinin məlumatına görə, komandanın aparıcı futbolçusu ispaniyalı mütəxəssisdən iki səbəbdən narazıdı.
Mbappe PSJ-nin Çempionlar Liqasında Dortmund “Borussiya”sı ilə son matçının (1:1) sonunda məşqçinin intensivliyi azaltmaq tələbini bəyənməyib. 24 yaşlı futbolçu Enrikenin ondan mərkəz hücumçusu kimi istifadə etməsindən də razı deyil. Bəzi ekspertlər Kilianın Liqa 1-in “Lill” ilə oyununda (1:1) vurduğu qolu qeyd etməməsini onun məsələ ilə bağlı mövqeyinə etiraz əlaməti kimi dəyərləndirib.