Almaniyalı jurnalist Yens Gideon və xizəkçilik üzrə təlimatçı Andre “Formula-1” üzrə dünya çempionatının yeddiqat qalibi Mihael Şumaherin yaşadığı faciənin təfərrüatı haqda danışıb.
Gideon podkastında bunları deyib:
“İlk anlarda Şumaherin huşu yerində olub. Bəlkə də məhz bu məqam təcili yardım xidmətinin əməkdaşlarının onun durumunun ağırlığını dəyərləndirməsinə mane olub. Ancaq xəstəxanaya aparılarkən onun sağlıq durumu qəfil pisləşib. Mihael Şumaherin huşu yerində olmasaydı, yəqin ki, onu təcili süni nəfəs aparatına qoşar və birbaşa reytslə Qrenobla göndərərdilər. Bəlkə də Şumaher Qrenobla müalicə üçün 45 dəqiqə tez gedə bilərdi”.
Andre isə deyib ki, Şumaherin dəbilqəsi qəza nəticəsində parça-parça olsa da, kamera yerindəymiş.
Xatırladaq ki, Mihael 2013-cü ilin dekabrında Alp dağlarındakı xizəkçilik kurortunda baş verən qəza zamanı başından ciddi zədə alıb. Ondan sonra əfsanəvi pilot heç vaxt ictimaiyyət önünə çıxmayıb, ailəsi də 53 yaşlı almanın sağlıq durumunu şərh etmir. Şumaher “Formula-1” üzrə dünya çempionatında “Cordan”, “Benetton”, “Ferrari” və “Mersedes” komandalarında çıxış edib. Onun hesabında 7 çempionluq, 91 qələbə, 155 fəxri kürsü var.