“Formula-1” yarışlarının yeddiqat qalibi Mikael Şumaherin sabiq meneceri Villi Veber alman ailənin ailəsinə müraciətlə onun sağlıq durumu ilə bağlı yalanlara son qoymağa çağırıb:
“Faciə baş verən gün mən otelin lobbisindəydim. Dostum mənə zəng edib dedi ki, dağ-xizəkçilik kurortunda Mihaelin başına nəsə iş gəlib. Ancaq ciddi bir şey yoxdu. Ardından mənə dedilər ki, Mihaeli Qrenobldakı hospitala aparırlar. Şumaherin xanımına – Korinnaya zəng etsəm də, cavab vermədi. Belədə Jan Todtun (“Ferrari”nin sabiq rəhbəri – red.) nömrəsini yığıb soruşdum ki, Mihaelə baş çəkə bilərəmmi? Todd cavab verdi ki, hələ tezdi. Növbəti gün də zəng etdim və cavab almadım. Onda bir neçə gün gözləməyə və heç kimi narahat etməməyə qərar verdim. Ancaq elə həmin məqamda anlamağa başladım ki, niyə heç kim suallarıma cavab vermir. Bu mənə çox ağır gəldi. Bəlkə də yüz dəfə Korinna ilə əlaqə saxlamağa çalışdım. Durumun çox özəl olduğunu anlayıram, ancaq biz Mihaelin ailəsindən yalnız yalan eşidirik. Mən həmişə Mihael naminə hər şey etmişəm, həmişə onun özəl həyatını qorumuşan, ancaq ailəsindən belə davranış gözləmirdim. Mənə Mihaeli görmək imkanı yaratmadılar və dedilər ki, çox tezdi. İndi isə bəlkə də artıq çox gecdi. Artıq 9 il keçib. Bəlkə də artıq ailənin həqiqəti, nəyin necə olduğunu deməsinin vaxtıdı. Bu hadisədən illər sonra özümə dedim ki, sadəcə, ailənin qayğısına qalmaq lazımdı. Ona görə ki, mən heç nəyi dəyişə bilmərəm. Mihael mənə oğul kimi idi, hətta indi də onun başına gələnlər haqda danışmaq mənim üçün çox çətindi”.
Xatırladaq ki, Mihael Şumaher 2013-cü ilin dekabrında Alp dağlarındakı dağ-xizəkçilik kurortunda başından ciddi zədə alıb. Almaniyalı əfsanə həmin vaxtdan bəri bir dəfə ictimaiyyət önünə çıxmayıb. 53 yaşlı sabiq pilotun ailəsi onun sağlıq durumu ilə bağlı ictimaiyyətə heç bir açıqlama vermir. 2021-də isə Mihaelin oğlu Mik “Formula-1” yarışlarında debüt edib. İndiyə qədər 34 mərhələyə qatılan oğul Şumaherin ən yaxşı nəticəsi iyulun 8-10-u aralığında keçirilən Avstriya mərhələsində 6-cı yeri tutmasıdı.