G qrupu
Srvena Zvezda - Mançester Siti 2:3 (0:1)
Srvena Zvezda (Belqrad, Serbiya): Qlazer, Miyayloviç, Kanqa (Katay, 57), Nedelkoviç (Kabiç, 78), Ciqa, Draqoviç, Spayiç (Rodiç, 65), Hvan İn Bom, Bukari, Olayinka (Miyatoviç, 57), Ndiaye (Luçiç, 57).
Mançester Siti (İngiltərə): Orteqa, S.Qomes, Akanci, Stounz (Ake, 86), Lüis, Fillips, Kovaçiç (Susuxo, 76), Qriliş (Foden, 46), Nunyeş (Silva, 83), Hemilton, Bobb.
Qollar: Hemilton, 19 (0:1). Bobb, 62 (0:2). Hvan İn Bom, 76 (1:2). Fillips, 85-p. (1:3). Katay, 90+1 (2:3).
Vərəqələr: Spayiç, 45+1. Fillips, 52. Miyayloviç, 65. Ciqa, 83 - sarı.
Hakim: Əliyar Ağayev (Azərbaycan).
13 dekabr. Belqrad. 49443 tamaşaçı.
oyunun statistikası
11 (6) qapıya (“çərçivə”yə) zərbə 10 (3)
2 künc zərbəsi 2
3 ofsayd 3
21 qayda pozuntusu 9
3 (0) sarı (qırmızı) vərəqə 1 (0)
30 topa sahibolma (faizlə) 70
Belqraddakı matçın heç bir turnir əhəmiyyəti qalmamışdı.
"Football-plus.az" xəbər verir ki, “Mançester Siti” ilə “Leyptsiq” hələ 4-cü turdan sonra 1/8 finala vəsiqəni təmin etmişdi.
Turnirin son qalibi sonrakı turda Almaniya təmsilçisini məğlub etməklə liderliyi də rəsmiləşdirmişdi. “Srvena Zvezda”nın qrupu sonuncu yerdə başa vuracağı da məlum idi. Bu faktların fonunda MS-nin son oyuna qeyri-optimal heyətlə çıxacağı gözlənilirdi. Belə də oldu.
Xosep Qvardiolanın komandası üçün seçdiyi start heyəti çox maraqlı görünürdü: əsas heyətdən yalnız Akanci, Stounz və Qriliş ilk dəqiqələrdən oynamaq imkanı qazanmışdılar. Ev sahibləri isə döyüşkən heyətlə nəinki ÇL-in, həm də avrokubok mövsümünün sonuncu oyununda azarkeşlərini az-çox uğurlu nəticə ilə sevindirmək istəyirdilər. Amma alınmadı: belqradlılar “şəhərlilər”in idealdan çox-çox uzaq olan heyəti ilə bacara bilmədilər. Amma qonaqların bir sıra gənc oyunçusunun haqqını da vermək lazımdı. Məsələn, 20 yaşlı Hemilton “Siti”dəki debüt oyununda hesabı açdı və sona yaxın komandasına penalti də qazandırdı. Penaltidən yararlanan Fillips “şəhərlilər”in formasında meydana çıxdığı 30-cu oyunda ilk qolunu vurdu. Qvardiolanın komandası ardıcıl 6-cı qələbə ilə qrupu maksimum nəticə ilə başa vurdu.
Leyptsiq - Yanq Boyz 2:1 (0:0)
Leyptsiq (Almaniya): Qulaçi, Lents, Simakan (Klostermann, 59), Lukeba (Şlaqer, 80), Henrixs, Karvalyo, Kampl, Zayvald, Forsberq (Openda, 74), Şeşko (Verner, 74), Poulsen (Simons, 74).
Yanq Boyz (Bern, İsveçrə): Fon Ballmoons, U.Qarsiya, Lustenbergen, Amenda, Yanko, Uqriniç (Lakomı, 70), Nyasse, Kolli (Rrudhani, 82), Nsame (Qanvula, 62), Lauper (Mal, 70), Meşak (Monteyro, 62).
Qollar: Şeşko, 51 (1:0). Kolli, 53 (1:1). Forsberq, 56 (2:1).
Vərəqələr: U.Qarsiya, 33. Poulsen, 70. Lents, 77. Kolli, 81. Monteyro, 85 – sarı.
Hakim: Manfredas Lukyançukas (Litva).
13 dekabr. Leyptsiq. 43331 tamaşaçı.
oyunun statistikası
10 (2) qapıya (“çərçivə”yə) zərbə 17 (4)
1 künc zərbəsi 3
3 ofsayd 7
9 qayda pozuntusu 18
2 (0) sarı (qırmızı) vərəqə 3 (0)
51 topa sahibolma (faizlə) 49
Leyptsiqdəki matçın nəticəsi də qrupda 5-ci turdan sonra formalaşan sıralamanı dəyişməyəcəkdi. Əvvəlki turda avrokuboklarda ilk dəfə “Srvena Zvezda”ya qalib gələn (2:0) “Yanq Boyz” 3-cü yeri özünə təmin etməklə gələn il mübarizəni Avropa Liqasının pley-offunda davam etdirmək hüququ qazanmışdı. “Leyptsiq”in 2-ci yeri təmin etməsi Marko Rozenin çalışdırdığı komandanın istiqaməti böyük ölçüdə bundesliqaya çevirməsinə rəvac vermişdi. Maraqlıdı ki, ev sahibləri kimi İsveçrə çempionu da meydana bir çox aparıcı futbolçuları olmadan çıxmışdı.
Matçın nəticəsi ikinci hissədə vurulan qollarla müəyyənləşdi. Özü də 5 (!) dəqiqə aralığında 3 (!!) qol qeydə alındı. Şeşko, Kolli və Forsberqin dəqiq zərbələri “Leyptsiq”in 2:1 hesablı qələbəsini təmin etdi. Qrupda 4-cü qələbəni qazanan Almaniya klubu bu göstərici ilə xəzinəsini yaxşıca artırmış oldu.
1. Mançester Siti 6 6 0 0 18-7 18
2. Leyptsiq 6 4 0 2 13-10 12
3. Yanq Boyz 6 1 1 4 7-13 4
4. Srvena Zvezda 6 0 1 5 7-15 1
Faktlar
* MS-nin ÇL-də məğlubiyyətsiz seriyası 18 oyuna çatdı. İngiltərə çempionu bu turnirdə sonuncu dəfə 2022-ci il mayın 4-də “Real”a uduzub.
* MS İngiltərə futbolu üçün rekord müəyyən etdi. Qvardiolanın komandası “Srvena Zvezda”nı məğlub etməklə ÇL-də (Çempionlar Kubokunda) ardıcıl 8 qələbə qazanan ilk İngiltərə klubu oldu.
* MS qrup mərhələsində ən çox – 18 qol vuran komanda oldu. Bu planda növbəti sıraları “Atletiko” (17), “Arsenal” və “Real” (hər ikisi 16) tutdu. Yeri gəlmişkən, qrupda ən az qol vuran komanda “Zaltsburq” oldu. Avstriya çempionu “Real Sosyedad”, “İnter” və “Benfika”nın da yarışdığı D qrupunda rəqib qapısına 4 dəfə yol tapdı.
Oyundan sonra
Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi: