“Mançester Siti” ilə “Leyptsiq” 4-cü turdan sonra 1/8 finala vəsiqəni təmin etmişdi.
"Football-plus.az" xəbər verir ki, turnirin son qalibi ardıcıl 4 qələbə qazanmaqla qrupdakı ikinci görüş ərəfəsində əsas rəqibini 3 xal qabaqlayırdı. Xatırladaq ki, Xosep Qvardiolanın komandası oktyabrın 4-də Leyptsiqdə 3:1 hesablı uğura nail olmuşdu. Deməli, İngiltərə çempionuna qrupu lider kimi başa vurmaq üçün almanlara evdə uduzmamaq kifayət edəcəkdi. MS buna nail oldu, amma matçın gedişində çox çətin vəziyyətə düşərək əzmkarlıq nümayiş etdirdi.
Hesabat turunun ilk oyun günündə keçirilən ən baxımlı və dramatik matçın “Etihad”da baş tutduğunu əminliklə iddia etmək olar. Qrup liderliyi üçün yalnız sərfəli hesabla qələbəyə ehtiyacı olan “Leyptsiq” ilk hissədə əla təsir bağışladı. Marko Rozenin çalışdırdığı komanda güclü rəqibə qapısı qarşısında real qol vəziyyəti yaratmaq imkanı vermir və əks-hücumlarda qol axtarırdı. Belə taktika özünü böyük ölçüdə doğrultdu. Almanlar ilk yarıda “Siti”nin qapısına iki dəfə yol tapdılar. Hücumçu Openda hər iki halda müdafiədəki səhvlərdən məharətlə yararlandı.
Amma ev sahiblərinin bununla barışacağını gözləmək sadəlövhlük olardı. Qvardiola fasilədə komandasına verdiyi təlimatlar və əvəzləmələrlə uğursuz başlayan oyunda dönüş yarada bildi. Ake, Dokyu və Alvaresin meydana çıxması “Siti”yə əsl simasını göstərmək imkanı yaratdı. Hücumda və müdafiədə statusuna yaraşan oyun sərgiləyən “şəhərlilər” ardıcıl üç qol vuraraq məğlubdan qalibə çevrildilər. Qvardiolanın komandası əzmkar qələbə ilə qrup liderliyini rəsmiləşdirdi.
G qrupu
Mançester Siti - Leyptsiq 3:2 (0:2)
Mançester Siti (İngiltərə): Orteqa, Uoker (Dokyu, 54), Diaş (Ake, 46), Qvardiol (S.Qomes, 90+3), Akanci, Lüis, Rodri, Foden, Silva, Qriliş (Alvares, 54), Holann.
Leyptsiq (Almaniya): Blasvix, Simakan, Haydara (Karvalyo, 74), Klostermann, Lukeba, Raum, Forsberq (Baumqartner, 60), Zayvald, Şlaqer (Kampl, 88), Simons, Openda (Şeşko, 60).
Qollar: Openda, 13 (0:1). Openda, 33 (0:2). Holann, 54 (1:2). Foden, 70 (2:2). Alvares, 87 (3:2).
Vərəqə: Diaş, 21 - sarı.
Hakim: Qlenn Nüberq (İsveç).
28 noyabr. Mançester. 51402 tamaşaçı.
oyunun statistikası
14 (6) qapıya (“çərçivə”yə) zərbə 5 (3)
6 künc zərbəsi 7
1 ofsayd 4
10 qayda pozuntusu 11
1 (0) sarı (qırmızı) vərəqə 0 (0)
69 topa sahibolma (faizlə) 31
Berndəki matçın nəticəsi qrupda 3-cü yerin sahibinin müəyyənləşməsi baxımından əhəmiyyət daşıyırdı. Ev sahibi “Yanq Boyz”un bu planda durumu əlverişli idi. Rafael Vikinin çalışdırdığı komanda oktyabrın 4-də Belqradda 2:2 hesablı heç-heçəyə nail olmuşdu. ÇL-in pley-offuna çıxmaq şansını itirən rəqiblərin yalnız qələbəyə oynayacağı aydın məsələ idi.
Nəhayət, “Yanq Boyz” avrokuboklarda ilk dəfə “Srvena Zvezda”ya qalib gəldi. Bu qələbə həm tarixi, həm də qitə kuboklarında mübarizəni davam etdirmək baxımından vacib nəticə oldu. Amma İsveçrə çempionunun matça heç də yaxşı başlamadığını qeyd etməliyik. Serbiyanın son çempionu ilk dəqiqələrdən üstün oyun sərgiləsə də, şanslardan yararlana bilmədi. Bernlilər rəqibi elə ilk hissədə ki dəfə cəzalandırmaqla istəyinə çatdı. Beləliklə, “Yanq Boyz” 3-cü yeri özünə təmin etməklə gələn il mübarizəni Avropa Liqasının pley-offunda davam etdirmək hüququ qazandı. “Srvena Zvezda” isə cari avrokubok mövsümündə daha bir oyun keçirəndən sonra ölkədaxili yarışlara köklənməli olacaq.
Yanq Boyz - Srvena Zvezda 2:0 (2:0)
Yanq Boyz (Bern, İsveçrə): Raçoppi, Blum, Kamara, Benito, U.Qarsiya, Mal (Kolli, 46), Uqriniç, Nyass, Monteyro (Qanvula, 74), Elia, Nsame (Çayva, 74).
Srvena Zvezda (Belqrad, Serbiya): Qlazer, Miyayloviç (Katay, 83), Nedelkoviç, Ciqa, Draqoviç, Rodiç, Stameniç (Luçiç, 59), Hvan İn Bom (Kanqa, 90), İvaniç (Krasso, 59), Bukari, Ndiaye (Miyatoviç, 46).
Qollar: Nedelkoviç, 8-öz qapısına (1:0).Blum, 29 (2:0).
Vərəqə: yoxdu.
Hakim: Danni Makkeli (Niderland).
28 noyabr. Bern. 31500 tamaşaçı.
oyunun statistikası
22 (6) qapıya (“çərçivə”yə) zərbə 18 (3)
8 künc zərbəsi 6
4 ofsayd 1
13 qayda pozuntusu 12
0 (0) sarı (qırmızı) vərəqə 0 (0)
50 topa sahibolma (faizlə) 50
1. Mançester Siti 5 5 0 0 15-5 15
2. Leyptsiq 5 3 0 2 11-9 9
3. Yanq Boyz 5 1 1 3 6-11 4
4. Srvena Zvezda 5 0 1 4 5-12 1
13 dekabr: Srvena Zvezda - Mançester Siti, Leyptsiq - Yanq Boyz.
Faktlar
* “Mançester Siti”nin ÇL-də məğlubiyyətsiz seriyası 17 oyuna çatdı. İngiltərə çempionu bu turnirdə sonuncu dəfə ötən il mayın 4-də “Real”a uduzub.
* Holann iki rekorda adını yazdırdı. O, ÇL-də 40 qol həddinə daha tez çatan oyunçu oldu. Norveçli bu turnirdə indiyədək 35 oyun keçirib. Holann həm də beynəlxalq klub turnirlərində 40 qol vuran ən gənc futbolçudu. Noyabrın 28-də meydana 23 yaş 130 günlüyündə çıxan hücumçu Kilian Mbappenin (PSJ) rekordunu yenilədi. Erlinqin cari mövsümdə MS-nin heyətində bütün turnirlərdə keçirdiyi 20 oyunda 19 qolun və 4 məhsuldar ötürmənin müəllifi olduğunu da bildirək.
Oyundan sonra
Filip Foden, “Mançester Siti”nin yarımmüdafiəçisi: “Qarşıya qoyulan hədəfə çatdıq, amma buna asanlıqla nail olmadıq. “Leyptsiq” üzərində qələbə gözlədiyimizdən də çətin alındı. İlk hissədə heç də yaxşı oyun göstərə bilmədik. Böyük komanda olmaq üçün hərdən belə çətin sınaqlardan uğurla çıxmaq lazımdı. İkinci hisədəki oyunumuzdan çox razı qaldım. Oyunda dönüş yaratmaq üçün bir qol vurmaq lazım olduğunu bilirdik. Matçın gedişində Qvardiola ilə nə barədə söhbət edirdik? Məşqçimiz mənə komandaya ötürməli olduğum informasiyanı verirdi və mən dəyərli məlumatları bütün gücümlə oyundaşlarıma çatdırırdım. Onların mənə diqqətlə qulaq asdıqlarını düşünürəm”.
Nikolas Zayvald, “Leyptsiq”in yarımmüdafiəçisi: “Məyusam. İlk hissədə çox yaxşı oynadıq, rəqibə qapımız qarşısında çox da qol vəziyyəti yaratmaq imkanı vermədik. Əks-hücumlarımız əla alındı və iki qol vurduq. Amma fasilədən sonra ilk hissədəki kimi effektli ola bilmədik və üç top buraxdıq. Bu, komandamız üçün böyük zərbədi”.
Rafael Viki, “Yanq Boyz”un baş məşqçisi: “Matç bizim üçün eniş-yoxuşlu mübarizə ilə yadda qaldı. Oyuna yaxşı başlamadığımızı deməliyəm. Komandamız bir qədər əsəbi görünürdü. Erkən qol buraxmamaqda bəxtimiz gətirdi. Amma lazımi məqamda hesabı açdıq və bu, özünəinamımızı artırdı. Bundan sonra hər iki komanda cəsarətli oyun sərgilədi, müdafiəni yox, hücumu düşündü. Bu səbəbdən oyun baxımlı alındı”.
Aleksandar Draqoviç, “Srvena Zvezda”nın müdafiəçisi: “Bizim üçün hər şey sona çatdı. Doğrudu, qrup mərhələsində daha bir oyunumuz qalır, azarkeşlərimiz qarşısında qələbə qazanmağa çalışacağıq. Bundan sonra isə ölkə çempionatına köklənəcəyik. Ümumilikdə çox yaxşı oynadıq. 6-7 qol şansımız oldu. İlk hissənin əvvəlində iki top fərqi ilə önə keçə bilərdik, lakin şansları boşa verdik. Futbolda belə olur: özün vura bilmirsən və top buraxırsan”.