“Qısası, “udacam” deməklə olmur da, əzmkarlıq, həvəs göstərməlisən”

28.11.2023 12:37
Aktual / Müsahibə
Basketbol üzrə ölkə çempionatının 5-ci turunda gözlənilməz nəticə qeydə alındı. Son çempion “Sabah” “Neftçi”yə uduzdu. Bir çox basketbol mütəxəssisindən soruşsaq, “tələbələr”in bu mövsümün də qalibi olacağını deyəcəklər.

Bəs “ağ-qaralar”ın bu matçdakı uğurunun sirri nədədi?

"Football-plus.az" olaraq, “Neftçi”nin baş məşqçisi Anar Sarıyevlə söhbətləşdik.

- İddialı və güclü komandalardan “Sabah”a qalib gəldiz.
- 4-cü turda “Sumqayıt” üzərində qələbə qazanandan sonra uşaqlara dedim ki, “Sabah”ın büdcəsi, heyəti böyük olsa da, istək, əzmkarlıq qalib gəlməyimizə şərait yaradacaq. Şükür ki, belə də oldu. Uşaqlar sözümü dinlədilər. Hər birini təbrik edirəm. O vaxt “Qala”nın heyətində “Qalatasaray”ı məğlub edəndə bizim 600 min, türklərin isə 15 milyonluq büdcəsi var idi. Onların oyunçularının qiyməti komandamızın büdcəsindən iki dəfə çox idi. Tutaq ki, mən 500 manat alırdım, rəqibin heyətindəki bəzi basketbolçuların aylıq qazancı isə bir milyon idi. Oyunum, atışlarımız zəif ola bilərdi, ancaq qələbə istəyini heç kim məndən ala bilməzdi. Nəinki biz, hətta başqa komandalar da “Sabah”ı məğlub edə bilər. “Tələbələr” məğlubedilməz deyil.

- Əzmkarlıq, istək hesabına qalib gəldiyini vurğuladız. Bəs rəqibin səhvi nədə idi?
- “Sabah” oyuna yaxşı başlamışdı. Səbəb isə bizim rəqibə bu imkanı yaratmağımız idi. Sanki oyunçularım rəqibdən çəkinirdi. Ancaq fasilədə danışdıq ki, tam qüvvəmizlə çıxıb oynamalıyıq. Hətta 7 nəfərlə mübarizə aparırdıq. Üç basketbolçumuz zədəli idi. Əsas silahlarımızdan Maykl Karter, Zaur Qusanov və Emin Mirzəyev sıradan çıxmışdı. Lakin Nicat gənc olduğu üçün onu tam meydanda saxlaya bilməzdim və məcburiyyətdən Emili saldım. O da çox yaxşı performans sərgilədi. Beş dənə “üçxallıq” atdı. “Sabah”ın məğlubiyyətinin səbəbi bəlkə də arxayınlıq oldu. Amma buna da inanmıram. Çünki “tələbələr” avrokuboklara çıxdığı oyunçularla bizə qarşı da oynadı. Yəni ciddi yanaşmasaydılar, fərqli heyətlə çıxa bilərdilər. Biri çox istəyir, digəri “udacam” deyir. Qısası, “udacam” deməklə olmur da, əzmkarlıq, həvəs göstərməlisən.

- Mövsümün startından əvvəl komandanızın qarşısına hansı hədəflər qoyulmuşdu?
- Mən bunu əvvəl də demişdim ki, ilk hədəfimiz pley-offa qalmaqdı. Bundan sonra deyə bilərəm ki, nə üçün oynayacağıq. İndidən böyük iddialarla danışmaq istəmirəm.

- Komandanızda hansı çatışmazlıqlar var?
- Hazırda “3 nömrə” mövqeyinə oyunçu axtarıram. Düzdü, hələ ki siyahımızda adlar yoxdu. Toraye Breyk və Kamran eyni zonada oynadıqları üçün çətinlik çəkmirlər. Ancaq Maykl Karter təkdi, ona yardımçı kimi bir basketbolçu cəlb etməti planlaşdırırıq.

- Artıq ikinci mövsümdü ölkəmizdə basketbol çempionatı yüksək səviyyədə təşkil olunur. Ötən il 8, bu il 10 komanda mübariə aprırır. Təəssüf ki, azarkeşlərin bu idman növünə marağı yüksək deyil. İnsanların salonları doldurması və bu idman növünə marağını artırmaq üçün nə etmək lazımdı?
- Birincisi, hazırda basketbol salonlarımızın sayı çox deyil. Bəzi adamlar da uzaq olduğuna görə gəlib oyunlara baxa bilmirlər. Federasiya artıq bu məsələ üzərində yaxşı işlər görür. İkinci məqam odu ki, biz xalqımıza basketbolu sevdirməliyik. Kimisə məcburu gətirib tribunada əyləşdirə bilmərik ki, otur, oyuna bax. Nə qədər uğurlu çıxış etsək, bir o qədər də xalqın bu idman növünə marağı artacaq. O vaxt “Qala”nın çempionat matçlarında salon dolu olurdu. Hazırda 11-12 yaşlı uşaqların qarşılaşmalarımıza gəldiyini görürəm. Siz inandırım ki, bu azyaşlı fanatlar böyüyəcək və bir neçə ildən sonra yenidən basketbol görüşlərimiz dolu tribunalar önündə keçiriləcək.

- Azərbaycan basketbolunun hazırkı durum sizi qane edirmi? Ümumiyyətlə, bu idman növünü ölkəmizdə inkişaf etdirmək üçün nələr etmək lazımdı?
- Hazırda inkişaf üçün ilkin addımlar atılır. Komandaların heyətində gənc yerli basketbolçular meydana çıxır. Bax, bu, elə irəli getməyin ilk yoludu. Çempionat olmayandan sonra millidən danışmaq düzgün çıxmaz. Futbolda da belədi. Kim 10-15 il əvvəl deyə bilərdi ki, İsveçi Bakıda 3:0 məğlub edəcəyik. “Neftçi” həmişə ölkə futbolunun flaqmanı olub. Sonradan “Qarabağ”, yaxın illərdə “Sabah”, bu mövsüm isə “Araz-Naxçıvan”ın hansı səviyyəyə gəldiyini görürük. Futbolu da yaxından izlədiyim üçün nümunə gətirirəm. 1995-96-cı illərdə Türkiyədə basketbol yox idi. Başqa türkdilli ölkələrdən oyunçuları gətirib öz adlarını qoyub oynadırdılar. Həmçinin də 10-15 il səbr etdilər və indi nəticəsinə baxın. Türkiyə basketbolu dünyada adından söz etdirir. MBA-da əslən türkiyəli olan bir sıra oyunçular çıxış edir. Bizdə də Tahir Baxşıyev, Polad Həsənov gənclərin yetişməsi ilə məşğul olur. Acıq danışaq, biz basketbol ölkəsi deyilik, lakin çalışırıq ki, bu idman növü Azərbaycanda inkişaf etsin. Aşağı yaş qrupları ilə diqqətli işləməliyik. Altyapı olacağı halda, bütün idman növləri vətənimizdə inkişaf edəcək. İnanıram ki, beş ildən sonra əməyimizun bəhrəsini görəcəyik.

CAVİD ƏLİYEV