"Qarabağ"ın Norveçdə "Molde"yə qarşı keçirəcəyi Avropa Liqasının qrup mərhələsinin 5-ci turunun oyunundan əvvəl son məşqi Bakıda baş tutacaq.
"Football-plus.az" xəbər verir ki, noyabrın 28-də, saat 18.30-da "Azərsun Arena"da gerçəkləşəcək hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olacaq.
Baş məşqçi Qurban Qurbanovun iştirakı ilə təşkil olunacaq mətbuat konfransı Norveçdə reallaşacaq. Noyabrın 29-na planlaşdırılan tədbir yerli vaxtla saat 19.00-da (Bakı vaxtı ilə saat 22.00-da) başlayacaq.
Qeyd edək ki, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00.00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var. İkinci yer uğrunda mübarizədə həlledici qarşılaşmadan öncə “Qarabağ” 2-ci, “Molde” isə 3-cü pillədə qərarlaşıb.