“Qarabağ”ın Norveçə səfər proqramı

23.11.2023 10:31 202
Avropa Liqası
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində Norveçin “Molde” klubu ilə keçirəcəyi səfər oyununun proqramı müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi qarşılaşmadan bir gün öncə yola düşəcək.

Komandanı Norveçə aparacaq təyyarə noyabrın 29-da, səhər saatlarında havaya qalxacaq. Həmin gün axşam baş məşqçi Qurban Qurbanov futbolçuları son məşqə çıxaracaq. Görüşdən dərhal sonra isə komanda Bakıya qayıdacaq.

Qeyd edək ki, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00.00-da başlayacaq. Hazırda hər iki komandanın hesabında 6 xal var. İkinci yer uğrunda mübarizədə həlledici qarşılaşmadan öncə “Qarabağ” 2-ci, “Molde” isə 3-cü pillədə qərarlaşıb.