“Beşiktaş”da dekabrın 3-də keçiriləcək prezident seçkisi yaxınlaşdıqca Hasan Aratla Sərdar Adalı arasındakı mübarizə də qızışır.
“Football-plus.az” xəbər verir ki, Adalı srağagün klubun Dənizlidəki üzvləri ilə görüş keçirib. Bir restoranda “Dənizli Beşiktaşlılar Dərnəyi”nin üzvləri ilə görüşən Adalı layihələrindən danışıb və dəstək istəyib. O, önəmli açıqlamalar verib: “Artıq məşqçi axtarışını dayandırmışıq. Çünki komandanın başına Rza Çalımbay gəlib. Allah nəsib etsə, mən seçiləndən sonra da onunla yola davam etməyi planlaşdırıram. Təbii ki, onun da bu cür arzusu olmalıdı. Stadionumuzun tutumunu 52 minə qaldırmaq niyyətindəyəm. Bunu etdikdən sonra rəqiblər üçün ayrılan tribunanın da yerini dəyişəcəyik və səs problemini həll etmiş olacağıq. Bu komandanı qısa müddətdə dirçəltməli və yuxarı daşımalıyıq. Çalımbayla transfer məsələsini müzakirə edəcəm. Əlimizdə 85 milyon avroluq bir komanda var. 3-5 milyon avro da olsa, xərcləməli və bu komandanı zirvəyə daşımalıyıq. Heyət qurularkən bəzi səhvlərə yol verilib və bunun da səbəbləri hər kəsə bəllidi. Hasan Aratın məni kimlərinsə adamı olmaqda günahlandırdığını eşitdim. Kimi nəzərdə tutduğunu bilmirəm, amma mən daha öncə onun dediyi insanlara qarşı namizədliyimi irəli sürmüşdüm. Bu camiədə bəlkə də kiminsə adamı olmaqda günahlandırılacaq ən son şəxs mənəm! Belə şeylər xoş səslənmir. Klubda çalışmış isətnilən şəxsin də prezidentliyə namizəd olmaq haqqı var. Burda heç-kim heç kimin adamı deyil. Fanatların Talişka ilə bağlı bir istəyi var. Hazırda klubu ilə müqaviləsi olsa da, futbolda hər şey mümkündü. Demirəm ki, onu mütləq alacam və ya görüşəcəm. Amma bu işin üstünə düşüb ora getsəm, onu alıb gətirərəm! Kuaresmaya vida oyunu keçirmək planım da var. Onun həm də çox istedadlı bir oğlu var. Bəlkə də atasından da güclü futbolçu olacaq”.
Sərdar Adalı sonda “Beşiktaş”la münasibətləri qaydasında olmayan federasiya prezidenti Mehmet Büyükekşi haqda da gündəmə düşəcək ifadələr işlədib. Oktyabrın 5-də “Bude/Qlimt”ə qarşı ev oyununda Büyükekşi “Beşiktaş”ın stadionuna gəlmiş, amma etiraz dalğası üzündən ilk yarıdan sonra əsəbi vəziyyətdə oranı tərk etmişdi. Onun həmin an xüsusilə sabiq başqan Ahmet Nur Çəbi ilə sərt formada danışaraq barmağını sallaması uzun müddət gündəmi zəbt etmişdi. Adalı bu mövzu barədə bunları deyib: “O günkü barmaq hadisəsindən öncə də bir olay yaşanmışdı. Biz bəzi şeyləri çox tez unuduruq. Federasiya prezidenti klubumuz haqda danışarkən əlini masaya vuran bir görüntüsü var idi. O gün o masaya vurma olayının cavabı çox ciddi və sərt şəkildə verilməli idi. Verilmədiyi üçün də davamında bu barmaq sallama hadisəsi ortaya çıxdı. Dünyada heç kim “Beşiktaş”ın evində, yuvasında “Beşiktaş” prezidentinə barmaq sallaya bilməz! Bunu hər yerdə də söyləyirəm. Özünü “mən tribunaları göstərirdim, elə deyildi, belə deyildi” sözləri ilə təmizə çıxarmağa çalışır. Prezident seçilsəm, bu camiədən üzr istəməyənə qədər federasiya prezidentinin stadionumuza daxil olmasına imkan vermərəm!”