İnfantino planlarından imtina edib?

14.11.2026 17:22 0
Dünya futbolu
Canni İnfantinonun başı problemli məsələlərdən qurtulmur. FİFA-nın prezidenti 2027-ci ilin yanvarında ifadə vermək üçün ABŞ Konqresinə çağırıla bilər.

"Football-plus.az" xəbər verir ki, buna səbəb FİFA ilə ABŞ-nin Prezidenti Donald Tramp arasındakı əlaqələrlə bağlı aparılan araşdırmadı.

Təhqiqata konqresmen Ceymi Raskin rəhbərlik edir. Demokratlar seçkilərdə qalib gələrsə, o, Nümayəndələr Palatasının Hüquq Komitəsinin rəhbəri olacaq və İnfantinonu ifadə verməyə çağırmaq səlahiyyəti qazanacaq. FİFA-nın “Trump Tower”də ofis icarəyə götürməsi, Trampa təşkilatın ilk “Sülh Mükafatı”nın təqdim olunması və İnfantinonun şəxsi evində çalışan işçinin iş icazəsi ilə bağlı məsələlər araşdırılır. FİFA bu məsələlərdə hər hansı qanun pozuntusuna yol verilmədiyini bəyan edib.

Bunlardan başqa, dünya çempionatının kommersiya hüquqlarının bir hissəsinin xüsusi sərmayədarlara satılması ilə bağlı ləğv edilən layihə də diqqət mərkəzindədi. Məlumata görə, layihədə Trampın kürəkəni Cared Kuşnerin qardaşı Coşua Kuşnerin şirkətinin iştirakı nəzərdə tutulmuşdu. Kuşner qardaşları da yanvarda ifadə verməyə çağırıla bilərlər.

Qeyd edək ki, 2016-cı ildən FİFA-ya rəhbərlik edən İnfantino 2027-ci ildə yenidən prezidentliyə namizəd olmağı planlaşdırır. Bu il imicinə böyük zərbələr dəyən isveçrəli funksionerin mövqeyinin əhəmiyyətli dərəcədə sarsıldığını da vurğulayaq.

Yeri gəlmişkən, “The Times” qəzeti İnfantinonun dünya çempionatı və Klublararası Dünya Çempionatının iştirakçı sayının artırılması ilə bağlı planlarından imtina etdiyini yazıb.

Məlumata görə, FİFA-nın rəhbəri prezident vəzifəsinə yenidən seçiləcəyi halda hər iki turnirin genişləndirilməsində israr etməyəcəyini və bununla bağlı bütün planlardan imtina edəcəyini qurumun rəhbər şəxslərinə çatdırıb. Bu addım onun dünya çempionatının yayın hüquqlarının satılması planı ətrafında yaranan qalmaqaldan sonra üzərindəki təzyiqi azaltmaq və yenidən seçkidə tərəddüd edən şəxslərin dəstəyini qazanmaq cəhdi kimi qiymətləndirilir.

Qeyd edək ki, hazırda dünya çempionatında 48, KDÇ-dƏ isə 32 komanda mübarizə aparır.