“Qarabağ”dan Almeydanın qayıdışı barədə açıqlama – ziyarət, yoxsa ticarət?

14.11.2026 17:06 18
Ölkə futbolu / Manşet
Bilindiyi kimi, “Qarabağ”ın sabiq yarımmüdafiəçisi Riçard Almeyda noyabrın 5-də Bakıya gəldi. Futbolçu xəbəri “yaxşı övlad evinə qayıdar” başlığı ilə sosial şəbəkə hesabında ictimaiyyətə elan etdi. Ardından “Qarabağ”la yanaşı, əvvəllər formasını geydiyi “Zirə”nin də düşərgəsini ziyarət etdi, bu komandaların premyer-liqa matçlarını izlədi. Daha sonra mətbuatda Almeydanın futbolçu karyerasını bitirərək Bakıda qalacağı, baş məşqçi Qurban Qurbanovun köməkçisi olacağı, həmçinin klubda skaut kimi fəaliyyət göstərəcəyi haqda məlumatlar yayıldı.

Bu bilgilərin səhih olub-olmadığını öyrənmək üçün “köhlən atlar”ın mətbuat xidmətinin rəhbəri Anar Həsənova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Riçard Almeydanın Bakıya səfəri istirahət xarakteri daşıyır. O, bu çərçivədə “Qarabağ”ın bazasını da ziyarət edib. Almeyda hazırda Braziliyada fəal futbolçu karyerasını davam etdirir və klubumuzun oyunçusu deyil. “Qarabağ”ın qapısı vaxtilə komandamızın uğurları üçün əzmlə mübarizə aparmış futbolçularımızın üzünə həmişə açıqdı. Onun bazaya gəlişi də məhz bu səbəbdəndi. Riçard Almeydanın Qurban Qurbanovun köməkçisi vəzifəsinə gətiriləcəyi ilə bağlı yayılan məlumatlar isə həqiqəti əks etdirmir”.

Maraq üçün qeyd edək ki, Almeyda hazırda Braziliya klubu “XV Piracicaba”nın formasını geyir.

KƏNAN BAHADIR