“Beşiktaş” camiəsində yenə gərginlikdi.
"Football-plus.az" xəbər verir ki, baxmayaraq ki, komanda Rza Çalımbayın təyinatından sonra keçirdiyi ilk oyunda “İstanbul BŞ”ni minimal hesabla məğlub etdi. Gərginliyin əsasını isə Burak Yılmazın hərəkətləri və açıqlamaları qoyub.
“Mən ayrılandan 5 dəqiqə sonra Çalımbay gəldi”
Bilindiyi kimi, bu yay futbolçu karyerasını başa vuran və dərhal Şenol Günəşin köməkçisi təyin olunan Burak Yılmaz təcübəli mütəxəssisin istefasından sonra müvəqqəti baş məşqçi funksiyasını icra etməyə başladı. Amma onun dönəmində nəticələr ürəkaçan olmadı. İstanbul nəhəngi 6 qarşılaşmadan 4 məğlubiyyət, 2 qələbə ilə ayrıldı. “Bude/Qlimt”ə evdəki məğlubiyyət hər kəsin səbr kasasını daşırdı və Burak ötən cümə günü istefa verdi. İstefasından sonra isə “instaqram”da “Beşiktaş”la bağlı bütün paylaşımlarını sildi. Bu azmış kimi, 38 yaşlı futbol adamı srağagün aydın səmada şimşək effekti verən açıqlamalar verdi. Komandadakı durumdan Çalımbayın təyinatına, eləcə də Vensan Abubakarın son matçlarda oynamamasına qədər bir çox mövzuya toxunan Burak “Milliyət” nəşrinin yazarı Atilla Gökçəyə bunları dedi: “Futbolçularda inanılmaz bir vecsizlik hökm sürürdü. Çox istəksiz idilər. Hətta bir gün legionerlərdən birinin xaricdən qonağı gəlmişdi. Həmin gün məşqə çıxmadı, amma qonağı ilə gedib restoranda oturdu. Kamerunlu forvardımızın oynamamasının səbəbini araşdırarkən öyrəndim ki, 4 ay sonrakı maaşını tələb edibmiş. Pulu ödənməyincə ağrılarının olduğunu deyib. Dedi-qodu ilə məşğul olmaq istəmirəm. Qoy buna “Beşiktaş”lı yönəticilər qiymət versin. Bayi ilə Tayfur Bingöl arasında yaşanan mübahisə zamanı ola bilər ki, o cür reaksiya verməyim yanlış idi. Ertəsi gün problem yoluna qoyuldu. Amma bu cür davranışıma görə peşman deyiləm. Şenol Günəşin, təbii ki, qəlbimdə yeri ayrıdı. Amma “Beşiktaş”da gözləmədiyim durumlarla qarşılaşdım. Şenol hocanın əsəbi və gərgin halları, oyunçularla, eləcə də bizimlə söhbət edərkən seçdiyi üslub məni çox təəccübləndirdi. Bu təcrübələr ölənə qədər mənimlə qalacaq! Ayrılarkən başqanla heç bir təzminat haqda danışmadım. Amma xorvatiyalı köməkçilərin pulunun ödənilməsini istədim. Bəzən öz-özümə “kaş, bu təklifi qəbul etməzdim” deyirəm. Amma “Beşiktaş”dan qaça bilməzdim. Ahmet Nur Çəbi ilə halallaşıb sağollaşdıqdan 5 dəqiqə sonra Rza Çlımbayın gəldiyini öyrəndim. Qismətimizdə bu cür şeyləri yaşamaq da var imiş. Hazırda A lisenziyam var. Gələn il Pro lisenziyasını da alacam. Hələ ki dincəlirəm və futbolun nəzəri tərəfi ilə bağlı təhlillər aparıram. Bu müddətdə mənə yalqız olmadığımı hiss etdirən bir nəfər oldu. Federasiya rəsmisi Həmit Altıntop zəng vurdu. Onunla yaxın günlərdə görüşəcəm”.
Burakın yeni iş yeri bəllidi
Burakın sözləri həm camiədə, həm də futbol ictimaiyyətində böyük etirazla qarşılandı. Xüsusilə də söhbət onun Abubakar haqda işlətdiyi ifadələrdən gedir. “Beşiktaş” dərhal rəsmi bəyanat yayaraq kamerunlu hücumçunun oynamamasının yalnız zədə ilə əlaqəli olduğunu açıqladı. Amma o da qeyd olundu ki, Abubakar bir müddət öncə həqiqətən də şəxsi problemlərinə görə bir aylıq maaşını əvvəlcədən istəyibmiş. Məbləğ o qədər də böyük olmadığından klub ona bu pulu ödəyibmiş. Türkiyə mətbuatının yazdığına inansaq, təcrübəli forvard həmin pulun bir hissəsini boşandığı keçmiş həyat yoldaşına verib. Qalan hissəsini isə ölkəsində tikdirdiyi otelə xərcləyib. Şərhçilər və bəzi futbol adamları Burakı bu açıqlamalarına görə tənqid ediblər. Abubakarın fərdi məşqçisi Səlim Dəmirəl isə çox sərt bir paylaşım edib: “Yaxşı futbolçu olmaq sənin yaxşı məşqçi olacağına zəmanət vermir. Bu etdiyin “Beşiktaş”ın heç bir təcrübən olmamasına rəğmən, sənə verdiyi fürsətə qarşı çox böyük bir hörmətsizlikdi”.
Burakın yaxın keçmişə qədər Türkiyə yığmasında birlikdə top qovduğu Cenk Tosunla da münasibətləri pozulub. Onların sosial şəbəkələrdə bir-birini təqibdən çıxardığı məlum olub! Hələ bu harasıdı?! Fanatlar indi də Burakın “Beşiktaş”dakı rəsmi üzvlüyünün ləğv olunmasını tələb edir. Klubun Üzvlük Komitəsinin rəsmisi Uslu Akın da bu məsələyə münasibət bildirib. O, Burakın hərəkətlərindən və sözlərindən sonra klubdakı üzvlüyünün ləğv olunması üçün əlindən gələni edəcəyini bildirib. Yılmazın məşqçi karyerasının bundan sonra necə alınacağı bəlli deyil. Amma bir məqam bəllidi ki, o, qarşıdakı dönəmdə Türkiyə yığmasının məşqçi korpusuna daxil olacaq. Burak açıqlamasında yığma komandaya cavabdeh yönətici Həmit Altıntopla görüşəsəyini də etiraf etdi. Əslində Montellanın köməkçisi olmaq üçün Buraka bir müddət öncə də federasiyadan təklif gəlmişdi. Həmin vaxt o, “Beşiktaş”da çalışdığından təklifi geri çevirmişdi. İkinci təklifin isə Almaniya və Uelsə qarşı oyunlardan sonra ediləcəyi və qarşıdakı günlərdə bu təyinatın rəsmiləşəcəyi gözlənilir.
Prezidentliyə ikinci namizəd bəlli oldu
Sonda “Beşiktaş”da qarşıdan gələn prezident seçkisi barədə yeni xəbərləri də nəzərinizə çatdıraq. Ahmet Nur Çəbi ötən həftəiçi namizəd olmayacağını rəsmən açıqladı. Eləcə də hazırda rəhbərlikdə yer alan vitse-prezident Əmrə Kocadağ geri çəkildi. Əvəzində Sərdar Adalı namizədliyini irəli sürdü. Bu da o deməkdi ki, dekabrın 3-də keçiriləcək seçkidə mübarizə Hasan Aratla Sərdar Adalı arasında gedəcək. Adalı qalib gələcəyi təqdirdə Çalımbayla yola davam edəcəklərini, eləcə də Mehmet Özdiləki idman direktoru vəzifəsinə gətirəcəyini bildirib. Ən əsası o, idarə heyətinə Mətin Keçəlini də daxil edəcək. Camiədə çox sevilən isimlərdən olan Keçəli əfsanəvi başqan Süleyman Səbanın dönəmində onun sağ əli sayılırdı. Qeyd edək ki, daha öncə iki dəfə başqanlığa namizədliyini irəlki sürən və hər ikisində də məğlub olan 60 yaşlı Adalı inşaat, servis, logistika və enerji sahələrində fəaliyyət göstərən “Adalı Holdinq” şirkətinin sahibidi. Daha öncə “Beşiktaş”da futbol şöbəsinin rəhbəri və vitse-prezident vəzifələrini icra edib, eləcə də bir müddət Türkiyə Atçılıq Federasiyasının prezidenti olub. Bundan başqa, 2011-ci ildə Türkiyədə danışılmış oyunlarla bağlı qalmaqal zamanı 5 ay “Metris” həbsxanasında yatmalı olub.