Yığmamız srağagün seçmə mərhələdə sonuncu oyununu keçirdi.
"Football-plus.az" xəbər verir ki, Belçikanın qonağı olan De Byazinin yetirmələri qapısından 5 qol buraxmaqla darmadağın oldular.
Ağır məğlubiyyətə uğradığımız matçda ədaləti Gergo Boqarın rəhbərlik etdiyi hakimlər briqadası qoruyurdu. 90 dəqiqə ərzində referilərin faydalı iş əmsalını qiymətləndirmək üçün təcrübəli hakim Tahir Süleymanovdan fikir öyrəndik:
"Görüş elə tərzdə başladı ki, oyunun gedişində hakimlər briqadası statistik rolunda olmağa məcbur oldular. Artıq ilk qoldan sonra idarəçilikdən daha çox azarkeşləri qarşılaşmanın hansı hesabla bitəcəyi maraqlandırırdı. İlk dəqiqələrdə isə referi obyektiv qərarlarla yadda qaldı, adlı-sanlı belçikalılara doğma tribunalar qarşısında psixoloji cəhətdən heç bir güzəştə getmədi. Qarşılıqlı sarı vərəqələrin göstərilməsi buna işarə idi. Hətta Mahir Emreliyə qarşı rəqibin etdiyi kobudluq və sarı vərəqə qırmızı vərəqə ehtimalı ilə VAR-da incələndi. Bu an hakim qərarına etiraz edən müdafiəçinin qarşısına referi yox, kapitan Lukaku çıxdı və sərt təpki ilə komanda yoldaşını sakitləşdirdi. Təcrübəli futbolçu baş hakimin kobudluq, etiraz hallarında güzəştə getməyib, obyektiv olaraq hər dəfə rəsmi xərbərdarlığa gedəcəyini sezmişdi, komandanın intizamının, konsentrasiyasının pozulmasını istəmədi. Eddi İsrafilov isə ilk "sarı"nı gördükdən sonra referini "oxuya" bilmədi, məsləhət verəni də olmadı. Optimal formasından uzaq olan yarımmüdafiəçi ehtiyatlı davranmaq əvəzinə təhlükəli anın yaşanmadığı epizodda rəqibə qarşı kobud oynadı və dərhal da qarşısında ikinci sarı, ardınca qırmızı vərəqə gördü. Güclü Belçika qarşısında şansın minimal olduğunu nəzərə aldıqda, Azərbaycan millisinin meydanda 10 futbolçuyla qalması nokauta bərabər idi. Bu andan sonra, oyunun taleyini bitmiş saymaq olardı, qalırdı hakimin protokolda hansı hesabı qeyd edəcəyi".
ABDULLA İSMAYILOĞLU