Yığmanın Belçika ilə ev oyununu Nenad Minakoviçin rəhbərliyi altında serbiyalı hakimlər briqadası idarə etdi.
Oyunda idarəçiliklə bağlı ciddi nöqsan olmasa da, bir-iki epizod müzakirəyə açıq ola bilər. 4-cü dəqiqədə topsuz qalan Renatın ayağına rəqib futbolçu Vertongen cərimə meydançasında müdaxilə etdi. Amma bu məqam hakimin gözündən qaçdı. 2-ci hissədə Şeydayev rəqib futboçu Fasdan sıyrılandan sonra yerdə qaldı. Futbolçumuz ayağına müdaxilə olduğunu söyləsə də, hakim ona simulyasiyaya görə sarı vərəqə göstərdi.
Ümumilikdə hakimlərin işini qiymətləndirmək üçün təcrübəli referi Tahir Süleymanova müraciət etdik. Onun "Football-plus.az"a söylədikləri:
"Meydanda ot örtüyü yaxşı vəziyyətdə olmadığından hər iki komandanın futbolçuları ikili mübarizələrdə ehtiyatlı davranırdılar. Baş hakim də buna uyğun oyunun daha da sərtləşməsinə imkan vermir, epizodlara dərhal reaksiya göstərir, xırda folların qeydə alınmasına üstünlük verirdi. Rəqib futbolçular bir-birinə münasibətdə səliqəli davranırdı. Referi də çalışırdı ki, ilk dəqiqələrdən oyunçuları sarı vərəqələrlə cəzalandırmasın. Bəzi anlarda rəsmi xəbərdarlığa ehtiyac duyulsa da, ədalət təmsilçisi futbolçularla şifahi ünsiyyətə, izahata üstünlük verir, onları sakitləşdirirdi. Ancaq matçın sonlarında hakim tez-tez əlini cibinə atmalı oldu. Bunun da səbəbkarı baş hakim özü idi. Vaxtında epizodlara sərt reaksiya göstərilmədiyinə görə futbolçular, əsasən də qonaqlar referinin qərarlarına etiraz bildirirdilər. Hakimlər briqadası qarşılaşmanın birtərəfli keçəcəyini gözlədiyindən, hesabın böyük olacağını düşündüyündən, matça psixoloji cəhətdən tam hazır deyildi. Bu amil bəzi epizodlarda hakimin doğru qərar qəbul etməsinə mane olurdu. Ümumilikdə minimal nəticəyə uyğun gərginliyi artan görüşü referi problemsiz, nəticəyə təsir etmədən sona çatdırdı”.
ABDULLA İSMAYILOĞLU