"Qarabağ"ın "Bayer-04" önündə darmadağın olduğu oyunda ədaləti Horatsiu Fesnikin rəhbərlik etdiyi hakimlər briqadası qoruyurdu.
"Football-plus.az" xəbər verir ki, rəqibin aşkar üstünlüyü şəraitində keçən, meydan sahiblərinin qapımıza 5 qol vurduğu oyunda hansısa hakim səhvləri və ya qərəzli münasibət elementləri axtarmaq bəlkə də yersizdi.
Yalnız qapımıza vurulan 5-ci qolda "Qarabağ" futbolçularının ofsayd iddiaları olsa da, qol qeydə alındı. Hakmilərin işini Tahir Süleymanov belə dəyərləndirdi:
"Görüşü idarə etmək hakimlər briqadası üçün çətinlik yaratmırdı, rəqib futbolçular arasında səviyyə fərqi açıq görünürdü. Buna baxmayaraq, referi oyunçulardan təmiz futbol tələb edirdi, ikili mübarizələrdə sona kimi oynamağa imkan vermirdi. Kobud oyun zamanı futbolçular dərhal qarşılarında sarı vərəqə görürdülər. Baş hakim mübahisəyəmeyilli futbolçuların da qarşısını qətiyyətlə alırdı, heç kimə güzəşt etmirdi. Komandalar arasında keyfiyyət, sürət fərqi olduğundan oyunda mübahisəyə səbəb olacaq epizodlar yaranmırdı, bu da referinin işini daha da asanlaşdırırdı. Son 30-35 dəqiqənin daha tez keçməsini, oyunun bitməsini gözləyən hər iki tərəfin futbolçuları kimi, hakimlər briqadası da eyni yanaşma ilə oyunu başa çatdırdı".
ABDULLA İSMAYILOĞLU