Dünən 1-ci liqada 5-ci tura start verilməliydi. Lakin alınmadı. “İrəvan” səfərə çıxmadığı üçün “İmişli” ilə oyun baş tutmadı. Nə baş verir? Qərbi Azərbaycan təmsilçisindəki problemləri diqqətinizə çatdırmışdıq. Klub rəhbərliyi futbolçuların maaşlarını vermədiyinə görə onlar da məşqə çıxmaqdan imtina edirlər.
"Football-plus.az" xəbər verir ki, oktyabrın 17-də rəhbərliklə etirazçılar arasında görüş olub. Görüşlə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. Klub rəhbərliyi AFFA-dan dövlətin verdiyi 30 min manatı xahiş-minnətlə ala bilib. Bunun müqabilində futbolçulara təkliflər edilib. “İrəvan” rəhbərliyi etirazçılara yarım ayın maaşını və əlavə bonuslar vermək istəyib. Lakin komanda üzvləri bu təklifi qəbul etməyib. Onlar pullarını tam almayacaqları təqdirdə meydana çıxmayacaqlarını bildiriblər. Rəhbərliyin isə bu tələbi yerinə yetirmək imkanı yoxdu. Bu səbəbdən də komanda İmişliyə yollana bilməyib. Bunun nəticəsində də qarşılaşma baş tutmayıb.
Dünən klub rəhbərliyinin bazada qalan futbolçularla görüşü olub. Ümumiyyətlə, onlara günorta yeməyi verməyiblər. Axşam saatlarında oyunçulardan məşqə çıxıb-çıxmayacaqları soruşulub. Cavab qısa və qəti olub: yox! Bunun müqanilində klub rəhbərliyi də futbolçulara əşyalarını yığaraq bazanı tərk etməli olduqlarını söyləyib.
Başverənlərə görə “İmişli” tərəfi də məyus olub. Komanda bu mövsüm ilk dəfə doğma meydanda oyun keçirməliydi. Əldə etdiyimiz məlumata görə, görüşü izləmək üçün stadiona nə az, nə çox - 5 minə yaxın azarkeş yığılıb. 600-dən çox bilet satılıb. Başqaları oyun üçün bilet almaq istəyəndə onlara görüşün baş tutmacağını söyləyiblər. İşlərini-güclərini ataraq stadiona gələnlər komandanın, heç olmasa, yoxlama görüşü keçirməsini istəyib. Lakin klub rəhbərliyi bunun mümkün olmayacağını söyləyib. Bilet alanlar isə məyus olmasınlar. Çünki “İmişli” rəhbərliyi olanlara biletin “Zaqatala” ilə görüşdə keçərli olacağını bildirib.
Bəs “İrəvan” nümunəsi nəyi göstərir? Dövlət klublara maliyyə ayırdı ki, idmanın bu sahəsi inkişaf etsin, iş adamlarının futbola marağı artsın. Nəticə nə oldu? Zahid Niyazliyev adlı şəxs hər vasitədən istifadə edərək təsisçisi olduğu “İrəvan”ın 1-ci liqada iştirakına nail oldu. Oyunçuları aldadaraq komandasına dəvət etdi. Onların maaşlarını verməyəndə də belə biabırçılıq yaşandı. Kimdi günahkar? Təbii ki, AFFA və PFL. 1-ci liqada iştirak edən komandaların seçim prosesi düzgün olmayıb, “İrəvan”ın maliyyə dayaqları tam araşdırılmayıb. Bu məsələyə müdaxilə edilməsə, Qərbi Azərbaycan təmsilçisi fəaliyyətini dayandıracaq. Əsasnaməyə görə 3-cü texniki məğlubiyyətdən sonra “İrəvan” 1-ci liqada iştirak edə bilməyəcək. Bu da Azərbaycan futboluna get-gedə artmaqda olan marağa böyük zərbə vuracaq.
Ümid edirik ki, bu məsələ tezliklə həllini tapacaq. AFFA və PFL başverənlərə müdaxilə etməlidi. Dünən oyunun keçirilməməsi biabırçılıq idi. Vaxtında müdaxilə olmasa, bundan da böyük qalmaqallar yaşanacaq...
İLKİN SULTANLI