Yenə məğlubiyyət, yenə darmadağın...

17.10.2023 14:33 433
İdman / Manşet
Oktyabrın 14-də qadın həndbol yığmaları arasında Avropa çempionatının təsnifat mərhələsində növbəti oyunlar keçirilib.

"Football-plus.az" xəbər verir ki, İspaniyanı qəbul edən yığmamız yenə biabırçı hesabla uduzub – 18:38 (12:20). 5-ci qrupun digər oyununda isə Litva evdə Şimali Makedoniyaya uduzub: 28:31 (15:17). İki turdan sonra turnir cədvəlində belə vəziyyət yaranıb:

1. İspaniya 2 2 0 0 85:32 4
2. Ş.Makedoniya 2 2 0 0 71:45 4
3. Litva 2 0 0 2 42:78 0
4. Azərbaycan 2 0 0 2 35:78 0

Ölkəmizdə həndbolun böyük keçmişi var. Təkcə elə Rəfiqə Şabanova ilə Lyudmila Şubinanın adını çəkmək kifayətdi. Lakin müstəqillik dövründə bu idman növü yaxşı vəziyyətdə deyil. Hətta son illər ölkə həndbolu fiasko yaşayır. Qadınlardan ibarət yığmanın ilk iki oyununun nəticəsindən xəbərdarsız. Rusiyalı çalışdırıcı Aleksandr Revvanın rəhbərlik etdiyi komanda üçün il başa çatdı. Gələn il fevralın 28-də isə yığma özü kimi autsayder Litva ilə qarşılaşacaq. Hərçənd bu oyunda da yığmadan böyük nəticə gözləmək olmaz. Düzdü, Baltikyanı ölkənin təmsilçisi də bizim kimi xala həsrətdi, lakin belə biabırçı oyunla onlara da məğlub olmağımız realdı. Bəs görəsən, bu biabırçılığa görə kim cavab verəcək? Şimali Makedoniya ilə matçdan sonra federasiya ilə əlaqə saxlayaraq baş məşqçi ilə danışmaq istədiyimiz bildirdik. Lakin müəyyən bəhanələr gətirərək, “İspaniya ilə görüşdən sonra rusiyalı mütəxəssisin fikirlərini öyrənə bilərsiz” dedilər. Fikirləşdik ki, bəlkə yığmanın kapitanı Rəna Həsənova özünü toparlayaraq bu biabırçı nəticə ilə bağlı açıqlama verər. Lakin Rəna xanım da İspaniya ilə oyundan sonra danışacağını dedi. Oyun bitdi, amma xanım idmançıdan xəbər çıxmadı. Daha sonra yenidən onunla əlaqə saxladıq. Müəyyən bəhanələr gətirən Həsənova sonda bu sözləri yazaraq sağollaşdı:

"Heç kimin məsləhətinə ehtiyacım yoxdu. Bu mənim sözlərimdi. Mən belə qərara gəldim. Bu mənim fikirlərimdi. İstəsəz paylayaşarsız. Mən hər kəsə müsahibə verməyə məcbur deyiləm. Ümid edirəm ki, bir-birimizi başa düşərik".


Rəna xanımın belə iddialı və özündənrazı açıqlaması adamda sual doğurur. Niyə hər iki matçda biabırçı hesabla uduzan komandanın kapitanı belə danışsın ki? Xanım həndbolçumuz daha sonra özünə və komanda yoldaşlarına bəraət qazandırmaq üçün "feysbuk" hesabında belə paylaşım etdi:

"Bəhanə gətirib məğlubiyyətin səbəbini axtarmaq və bunu kiminsə üstünə yıxmaq istəmirəm. Məncə, bu şeylər düzgün olmaz. Rəqiblərimiz - İspaniya və Şimali Makedoniya çox güclüdü. Onlara qarşı oynamaq çox çətindi. Bu ölkələrdə həndbolun səviyyəsi çox güclü və yüksəkdi. Təəssüf ki, alt qruplar belədi. Hətta ilk mərhələni keçmək şansımız da qalmayıb. Çünki nəticələr öz sözünü deyir".


Yaxşı, bizə bir sual da maraqlıdı: bəs nə vaxt uğur qazanacağıq? Nə vaxta kimi belə bəhanələrlə ictimaiyyəti yola verəcəksiz? Məncə, ümumiyyətlə, həndbolla yox, başqa işlə məşğul olsaz, daha yaxşı olar. Ən azı meydana çıxıb əsəblərimizi korlamayazsız, kapitan xanım!

CAVİD ƏLİYEV