Qadın həndbolçulardan ibarət yığmamız 4 gün ərzində Avropa çempionatının seçmə mərhələsində keçirdiyi iki oyunda məğlub oldu.
Özü də biabırçı hesabla. Aleksandr Revvanın kollektivi əvvəlcə səfərdə Şimali Makedoniyaya 17:49, dünən isə evdə İspaniyaya 18:38 hesabı ilə uduzdu. Yığmanın liderlərindən Səkinə Musayeva uğusuzluqla bağlı fikirlərini "Football-plus.az"la bölüşdü:
"Şimali Makedoniya qarşı oynamadığıma görə nəsə deyə bilmərəm. Bu sualı digər qızlar yaxşı cavablaya bilər. İspaniya ilə oyuna gəlincə, bilirsiz ki, onlar həndbolda dünyanın ən yaxşı komandalarından biridi. Hətta klubları da ideal çıxış edir. Həndbolla maraqlanan insanlar İspaniya ilə oyundakı hesabın normal olduğunu qəbul edərlər. Bu cür hesabla uduzmuşuqsa, inanıram ki, gələcəkdə səviyyəmiz artacaq. İndi çalışırıq ki, ölkədə bu idman növünün səviyyəsini qaldıraq. Gələcək üçün ümidliyəm".
Musayeva keçmiş və indiki həndbolçuları müqayisə etməyin düzgün olmadığını bildirdi:
"Düzdü, Rəfiqə Şabanova, Lyudmila Şubina, İradə Qocayeva kimi güclü həndbolçularımız olub. Lakin indi zaman dəyişib. SSRİ dövründə avrokuboklar güclü deyildi. Hazırda isə dünya həndbolunda inkişaf var".
CAVİD ƏLİYEV