“Neftçi” “12-ci oyunçu”nu niyə itirdi?

10.10.2023 15:55 232
Ölkə futbolu / Manşet
9-cu turun mərkəzi oyunu “Neftçi”nin 0:2 hesablı məğlubiyyəti ilə bitdi.

“Qarabağ”la oyunda qazanılacaq 3 xal bakılıların “geridönüşü” üçün xüsusi motivasiya ola bilərdi. Eyni zamanda qələbə Adrian Mutuya ümidlərin artmasına gətirib çıxaracaqdı. “Doğma divarlar” arasında “Qarabağ”ı qəbul edən “Neftçi” azarkeşlərinin üzünü güldürə bilmədi. Əslində flaqman qələbə qazansaydı belə, azarkeşlər ürəkdən sevinə bilməyəcəkdi. Ən azı “Forza Neftçi” üçün vəziyyət belə idi. “Qarabağ”la oyundan bir gün əvvəl videomüraciətlə azarkeşlərdən dəstək üçün stadiona gəlməyi tələb edən “Forza Neftçi” nədən ilk dəqiqələrdən arenanı” tərk etdi? Ölkənin ən böyük azarkeş qruplarından biri stadiondan çəkilmək qərarını belə izah edib: “Stadiona daxil olduğumuz andan komandaya verəcəyimiz dəstəyə qarşı "tədbirlərlə” qarşılaşmağa başladıq. Əvvəlcə bayraqlarımızın çubuqlarına bir əmma tapıldı, sonra günlərdi minbir əziyyətlə çəkdiyimiz pankartın açılmasına maneə törədildi. İllərdi dəyişməyən tək bir məqsədimiz var: AZARKEŞİ OLDUĞUMUZ KOMANDANI DƏSTƏKLƏMƏK! İstədiyimiz dəstəyi verə bilməyəcəyiksə, həmçinin klub rəhbərliyi öz üzərinə düşəni edə bilməyəcəksə, oyunda qalmağımızın heç bir mənası yoxdu”.

Bəyanatdan da göründüyü kimi, azarkeşlər yaranan vəziyyətə görə birbaşa klub rəhbərliyini günahlandırır. Əsas problem pankartın açılmasına icazənin verilməməsidi. “Forza Neftçi”nin fəal üzvlərinin bizə verdiyi məlumata görə, pankartla bağlı əvvəlcədən “Neftçi” rəhbərliyinə məlumat verilib. Lakin stadionda polis əməkdaşları pankartın açılmasına mane olarkən klubun heç bir rəsmisindən dəstək görməyiblər. Məhz buna görə azarkeşlər birbaşa “Neftçi” rəhbərliyini günahlandırır. Oyunu tribunalardan izləyən hər kəs gördü ki, qonaqların azarkeş qrupu özünü daha sərbəst, təzyiqdən kənar hiss edir. Hətta sonda rəqib komandanın məşhur sloqanına ironiya kimi “Yaxşı olmadı” plakatı da açmışdılar. Həqiqətən srağagün “Neftçi” üçün heç nə yaxşı olmadı. Komanda nə meydanda özünü göstərə bildi, nə də tribunalarda.

Oyun bitən kimi “Forza Neftçi” azarkeş qrupunun rəhbəri Səccad Abbasovla əlaqə saxladıq:

“Əsəblərimiz çox gərgindi. Bizə hər cür problem yaradır, təzyiq göstərirlər. Danışmağa bir şey yoxdu, hər şey göz önündədi. Mediaya da məlumdu ki, bizə qarşı böyük haqsızlıq olub. Pankartın araya-ərsəyə gəlməsi üçün çox əziyyət çəkmişik, istəyimiz komandamızın başının uca olmasıdı. Hazırladığımız hər şey “Neftçi” üçündü. Polis əməkdaşları bizə mane olanda dedilər ki, pankartla bağlı əvvəldən məlumat verməliydiz. Biz də vaxtında şəkilləri və bütün detalları rəhbərliyə çatdırmışdıq. Onlar hansı pankartı açacağımızdan xəbərdar idilər. Bu qədər zəhmətin qarşılığında “Neftçi”dən heç bir addım görə bilmədik”.


Bizi maraqlandıran məsələlərdən biri də pankartda nəyin təsvir olunması idi. Azarkeş qrupunun üzvləri bu barədə məlumat vermək istəməsələr də, sonradan öyrəndik ki, pankartda at üzərində “Neftçi” loqosu təsvir olunubmuş.

ADİL NƏHMƏTLİ