AÇ-2028-in təşkilatçısı müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, qitə çempionatı Böyük Britaniyada və İrlandiyada keçiriləcək.
UEFA-nın saytının yaydığı məlumatda bu qərarın Türkiyənin turnirə evsahibliyi üçün namizədliyini geri götürməsindən sonra verildiyi bildirilib. Qitə futbol qurumu oktyabrın 4-də hər iki ölkənin futbol assosiasiyasının birgə müraciətinə müvafiq qaydada baxıldığını və qiymətləndirilməsi üçün UEFA-nın İcraiyyə Komitəsinin oktyabrın 10-da Nyonda keçiriləcək iclasına göndərildiyini bildirib.
Xatırladaq ki, ötən ilin noyabrında UEFA İngiltərə, Şimali İrlandiya, İrlandiya, Şotlandiya və Uels futbol assosiasiyalarından 2028-ci ildə keçiriləcək Avropa çempionatına evsahibliyi etmək hüququ üçün ilkin ərizə sənədləri aldığını təsdiqləyib. Daha əvvəl Türkiyə də təxminən 5 ildən sonrakı qitə birinciliyinə iddiaçılar sırasında idi. Lakin bir neçə ay əvvəl ölkənin müvafiq qurumları İtaliya ilə AÇ-2032-nin şərikli təşkilatçılığı ilə bağlı layihəyə üstünlük verməyi lazım bilmişdi.