Türkiyənin gənclər və idman naziri Mehmet Muharrem Kasapoğlu ölkənin 2028 və 2032-ci illərdə keçiriləcək Avropa çempionatlarına evsahibliyi etməsi üçün namizədlik dosyesinə imza atıb.
"Football-plus.az" xəbər verir ki, həmin dosye aprelin 12-də Türkiyə Futbol Federasiyası tərəfindən UEFA-ya təqdim olunacaq.
Nazirlikdən verilən açıqlamada Türkiyədəki stadionlar, otellər, infrastruktur, nəqliyyat barədə məlumat verilib. UEFA AÇ-2028 və AÇ-2032-yə evsahibliyi edəcək ölkələrin adlarını bu ilin oktyabrında açıqlayacaq. Qeyd edək ki, indiyə qədər AÇ-2028 üçün Britaniya krallığının ölkələri və İrlandiya, AÇ-2032 üçün isə İtaliya namizədliyini irəli sürüb. Gənclər və İdman Nazirliyinin rəsmi açıqlamasında Kasapoğlunun da sözlərinə yer verilib:
“Türkiyə 1962-ci ildən bəri UEFA-nın üzvüdü. Ölkəmiz Avropa futboluna və onun rəhbərliyinə indiyə qədər önəmli faydalar verib. Bu il tarixdə ikinci dəfə İstanbul Çempionlar Liqasının finalına evsahibliyi edəcək. Türkiyə son 20 ildə idmanda “altyapı” və baza kimi məsələlərdə xeyli inkişaf edib. Bir sıra böyük idman turnirlərinə uğurla evsahibliyi etmişik. Bazalarımız ən müasir standartlara uyğun tikilir və orda bir çox idman növlərində dünyanın zirvəsində yer alan idmançılar yetişdirilir. Türkiyə əsl idman ölkəsidi. Beynəlxalq turnirlərdə qarşımıza ən yüksək hədəflər qoyuruq. Baza səviyyəmiz, otellərimiz, qonaqlamaq üçün “altyapı”mız, gənc nəslimiz və azarkeş potensialımız var. Bunların hamısını bir araya gətirdikdə Türkiyə dünyanın ən önəmli idman ölkələrindən biri olaraq ulduz kimi parlayır. Türkiyənin bu gücünün Avropa futbolunun yığma komandalar səviyyəsindəki ən böyük turniri olan AÇ-2028 və AÇ-2032-yə çox önəmli dəyər qatacağını düşünürəm”.
Qeyd edək ki, qardaş ölkə daha öncə 4 dəfə (2012, 2016, 2020, 2024) Avropa çempionatına evsahibliyi etmək üçün namizədliyini irəli sürüb. Türkiyə ən çox AÇ-2016 uğrunda mübarizədə istəyinə çatmağa yaxın idi. Amma türklər sonda 1 səslə Fransaya uduzmuşdular. Fransızların həmin qələbəsində dönəmin UEFA prezidenti Mişel Platininin “əməyi” az olmamışdı. AÇ-2024 uğrunda mübarizədə isə Türkiyə 4, Almaniya 12 səs toplamışdı.