Tribunalardakı azarkeş sayı "Qarabağ"ı qane edir

2.10.2023 11:55 244
Aktual / Ölkə futbolu
Artıq Avropa Liqasının qrup mərhələsinin ilk turunun "Qarabağ" - "Molde" oyununa gələn azarkeş sayının azlığı barədə danışmışıq.

Tribunaların tam dolmaması narahatlıq doğurduğu üçün bir daha mövzuya dönməyə qərar verdik. Daha doğrusu, bunu bizə azarkeşlərin maraqlı müraciəti vadar etdi. Onlar oyun üçün ayrılan biletlərin qiymətinin 5 manatdan birdən-birə 20 manata “adlamasını” haqsızlıq sayır, 10 və 15 manatlıq biletlərin də satışa çıxarılmasını istəyirlər.

Xatırladaq ki, "Qarabağ"ın minimal hesablı qələbəsi ilə başa çatan oyunu stadiondan 26500 azarkeş izləmişdi. Bu göstərici ilə "Qarabağ"ın oyunu həmin gün keçirilən 16 qarşılaşma arasında 8-ci olmuşdu. Gəlin, ötən mövsümlə kiçik müqayisə aparaq. "Qarabağ"ın "Olimpiakos"la oyununda tribunalara 32200, "Nant"la oyunda isə 26495 azarkeş toplaşıb. Bu göstərici ilə qarşılaşmalar turun ilk “5-liy”inə daxil olmuşdu. 30430 azarkeşin iştirak etdiyi "Frayburqla"la oyun isə qitə üzrə 6-cı yerdə qərarlaşmışdı. Statistika da göstərir ki, bu mövsüm "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində ilk oyununa gələn azarkeş sayı qənaətbəxş deyil. Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev isə bizimlə eyni fikirdə deyil. O, bilet qiymətlərini normal hesab etdiyini, azarkeş sayının da yetərincə yüksək olduğunu deyir:

“Ötən mövsümdən bəri biletlərin qiymətlərində hansısa dəyişiklik yoxdu. Azarkeş sayının az olması ilə bağlı fikirlərlə razı deyiləm. Bəzi sektorların oyunun əvvəllərində boş görünməsinin səbəbi azarkeşlərin hələ yerlərini tam tutaması ilə bağlı idi. Doğrudu, oyunun gedişində bəzi tribunalarda boşluqlar nəzərə çarpırdı, amma bu azarkeş sayının az olması demək deyil. Oyunu stadiondan 26500 azarkeş izləyib, bu da yetərincə yüksək göstəricidi".

ADİL NƏHMƏTLİ