''Qalatasaray'' üçün Çempionlar Liqasının qrup mərhələsi uğurlu başlamadı.
“Football-plus.az” xəbər verir ki, Türkiyə çempionu dünən 1-ci turda ''Kopenhagen''i qəbul etdi. Qrupdakı digər rəqiblərin ''Bavariya'' ilə ''Mançester Yunayted'' olduğunu nəzərə alsaq, İstanbul nəhəngi hökmən 3 xal qazanmalı idi. Amma Okan Burukun komandası ümidləri doğrultmadı. Danimarka çempionu matçın gedişində 2 topluq üstünlük əldə edərək yerli fanatları şoka saldı. Qonaqlar 73-cü dəqiqədən sonra azlıqda qaldılar. ''Cim-Bom'' yalnız bundan sonra ''yuxudan'' ayıldı. Saşa Boenin 86 və Tetenin 88-ci dəqiqələrdə vurduğu qollara oyun 2:2-lik bərabərliklə yekunlaşdı. ''Qalatasaray'' XXI əsrdə ilk dəfə avrokubok matçında 85-ci dəqiqədən sonra 2 qol vurdu! Bu, sonuncu dəfə 1999-da ÇL-in qrup mərhələsində ''Milan'' ilə oyundakı tarixi 3:2 hesablı zəfər zamanı baş vermişdi.
Bundan başqa ''Qalatasaray'' tarixində cəmi 3-cü dəfə 2 top fərqi ilə geridə olduğu ÇL matçında ən azı uduzmadı. Komanda daha öncə bu turnirdə 2001-in aprelində ''Real'' (3:2) və 1999-un sentyabrında ''Herta'' (2:2) ilə oyunlarda bu cür geridönüş etməyi bacarmışdı.
ƏLİ