Artıq sentyabr ayıdı və dünyada yay “transfer pəncərəsi” dövründə reallaşan əməliyyatlara ümumilikdə nəzər salmaq olar.
"Football-plus.az" xəbər verir ki, bəri başdan futbolçu transferi bazarında indiyədək görünməmiş rekord göstəricinin qeydə alındığını qeyd edək. Bunu gözləmək olardı. Ona görə ki, bazar yayboyu, necə deyərlər, od tutub yandı. Bunun səbəblərindən biri isə Səudiyyə Ərəbistanı klublarının bir nömrəli alıcı rolunda çıxış etməyə çalışması ilə bağlıdı. Amma ən bahalı keçidləri Avropa nəhəngləri reallaşdırdılar.
Bir “pəncərə” üzrə yeni rekord!
Bəli, yay “transfer pəncərəsi”ndə rekord göstərici qeydə alınıb: “transfermarkt” internet portalının məlumatına əsasən, klublar futbolçu keçidləri üçün ümumilikdə 7,63 milyard avro xərcə düşüblər. Əvvəlki rekord 2019-cu ilin yayında qeydə alınmışdı. 4 il əvvəl klubların yeni oyunçular üçün xərcləri 7,57 milyard avroya bərabər olmuşdu.
Liqalar üzrə transfer xərclərinə görə İngiltərə premyer-liqası yenə birinci yerdədi. Bu liqada cari mövsümdə çıxış edən klubların yeni oyunçular üçün ümumi xərci 2,84 milyard avro olub. Bu planda 2-ci yerə Səudiyyə Ərəbistanının yüksək liqası yüksəlib. Bu liqada çıxış edən klubların xərci 945 milyon avroya bərabər olub. 3-cü yeri tutan Fransa Liqa 1-inin təmsilçiləri ümumilikdə 900,6 milyon avro xərcə düşüblər. Yəni premyer-liqadan üç dəfə geri qalıblar. Növbəti sırada İtaliya A seriyasıdı. Bu liqada çıxış edən klublar transfer bazarında ümumilikdə 854,46 milyon avro xərcləyiblər. Bu planda 5-6-cı yerləri uyğun olaraq Almaniya bundesliqası və İspaniya La Liqası tutub.
Əlbəttə, Səudiyyə Ərəbistanı klublarının transfer bazarındakı fəallığı xüsusi vurğulanmalıdı. Sentyabrın 1-nə olan məlumata əsasən, yəni Avropanın əksər ölkələrində “transfer pəncərəsi” bağlanarkən Fransa Liqa 1-i xərclərin ümumi sayına görə 2-ci yerdə idi. Lakin Səudiyyə Ərəbistanında yay transferləri dövrü sentyabrın 7-dən 8-nə keçən gecə başa çatıb. Başqa sözlə, bu ölkə klublarının heyətini gücləndirmək üçün əlavə bir neçə gün imkanı olub. Və bundan yararlanan asiyalların transfer xərcləri 846,57 milyon avrodan 945 milyon avroya qədər artıb. Sözsüz, “Liverpul” rəhbərliyi “Əl-İttihad”ın Məhəmməd Salaha görə 100 milyon avroluq təklifini qəbul edəcəyi halda ərəblərin xərci 1 milyardı keçəcəkdi. Bu hadisə baş verməsə də, Səudiyyə Ərəbistanı klublarının bazara ciddi şəkildə müdaxiləsi göz qabağındadı.
Beləliklə, bu ölkənin yüksək liqasının təmsilçiləri yayboyu ümumi dəyəri yalnız 53 milyon avro olan oyunçu satışını reallaşdırıblar. Xərclərlə qazanc arasındakı fərq 892 milyon avroya bərabər olub. Yəni, asiyalılar transfer əməliyyatlarına görə bu qədər geri düşüblər. Onların dəyəri 25 milyon avrodan yüksək olan 16 futbolçunun transferini rəsmiləşdirdiklərini də bildirək. Ötən ilin dekabrında “Əl-Nəssr” ilə anlaşan Kriştiano Ronaldodan sonra Neymar, Kərim Benzema və Riyad Mahrez kimi məşhur futbolçuların Asiyaya üz tutması Avropa futbolunun “ulduz ehtiyatı”nın bir qədər kasadlaşdığını deməyə əsas verir. Yeri gəlmişkən, PSJ-ni tərk edən Neymar Səudiyyə Ərəbistanının yüksək liqasının artıq Liqa 1-dən səviyyəcə üstün olduğunu dilə gətirib. Nə demək olar, öz fikridi. Bəlkə də, ona belə açıqlama verməsi üçün yaxşıca pul ödəyiblər...
Amma bu həqiqətdi ki, indi Neymarın üz tutduğu liqada çıxış edən oyunçuların ümumi dəyəri 1 milyard avronu keçib! Dəqiq rəqəm 1,113 milyard avrodu.
“Çelsi” daha çox xərcə düşüb
Yayın ən bahalı 10 keçidindən 6-sını İngiltərə klubları reallaşdırıb. Premyer-liqanın təmsilçiləri sırasında “Çelsi” daha çox xərcə düşüb. Paytaxt təmsilçisi həm də dünyada birinci olub. “Zadəganlar”ın yeni oyunçuların alğısı üçün qatlaşdıqları xərcin ümumi məbləği 464,1 milyon avroya bərabərdi. Onlar bu qədər pulu 11 futbolçu üçün ödəyiblər. “Çelsi”ni daha çox xərcə salan oyunçu Moyses Kaysedodu. Ekvadorlu yarımmüdafiəçi sabiq klubu “Brayton”u 116 milyon avro irəli salıb. Qeyd edək ki, İngiltərə klubları arasında imzalanan müqavilədə bonuslarla bağlı bənd də var. Kaysedo müəyyən şərtlər daxilində hazırkı klubunun xərclərini 128,5 milyon avroya qədər artıra bilər.
“Mançester Siti” onsuz da güclü olan müdafiə xəttini bir qədər də möhkəmləndirib. İngiltərə çempionu Yoşko Qvardiola görə “Leyptsiq”ə 90 milyon avro ödəyib. 21 yaşlı xorvatiyalı hazırda dünya futbolunda ən dəyərli müdafiəçi sayılır. Əvvəlki rekordçu “Mançester Yunayted”in oyunçusu Harri Maquayr idi.
Ötən mövsüm çempionluq şansını son turlarda itirən “Arsenal” heyətini daha da gücləndirib. Paytaxt klubunun aldığı yeni oyunçulardan ikisi xüsusi qeyd edilməlidi. Deklan Raysa görə “Vest Hem”ə 116,5 milyon avro ödənilib. Yarımmüdafiəçi həm də dünyada yayın ən bahalı transferidi. Daha bir orta xətt oyunçusu Kay Haverts isə “Çelsi”dən 75 milyon avroya alınıb.
“Mançester Yunayted” Rasmus Höylunna görə “Atalanta”nın xəzinəsinə 75 milyon avro köçürüb. “Liverpul” isə universal futbolçu Dominik Soboslaini “Leyptsiq”dən 70 milyon avroya alıb.
“Nyukasl” ərəb şeyxlərinin əlinə keçəndən sonra İngiltərədə ən səxavətli klubların sırasındakı mövqeyini getdikcə gücləndirir. “Sağsağanlar” bu yay transfer əməliyyatları üçün 153,2 milyon avro xərcə düşüblər. Onlar bu göstəriciyə əsasən 7-ci yerdədilər. Ən az pul xərcləyən klub isə “Luton”du. Premyer-liqanın debütantı yeni oyunçular üçün ümumilikdə 11 milyon avro itirib.
Oyunçuların transferi üçün 2,84 milyard avro xərcə düşən İngiltərənin ən yüksək liqasında satışlar üzrə qazanc 1,58 milyard avro olub. Fərq 1,26 milyard avroya bərabərdi. Bu, premyer-liqanın tarixində ikinci ən pis göstəricidi: 2022-ci ilin yayında xərclərlə qazanc arasındakı fərq 1,5 milyard avro təşkil etmişdi.
“Əl-Hilal” 2-ci yerdə
Dünya futbolunda “Çelsi”dən sonra daha çox xərcə düşən klub “Əl-Hilal”dı. Səudiyyə Ərəbistanının təmsilçisi heyətini gücləndirmək üçün 353,1 milyon avro təzminata qatlaşıb. Bu planda PSJ-dən 90 milyon avroya alınan Neymar asiyalıları daha çox xərcə salan futbolçudu.
Fransa nəhənginin də xərci az olmayıb. “Transfer pəncərəsi”nin bağlandığı son gündə - sentyabrın 1-də Randal Kolo Muani üçün “Ayntraxt”a (Frankfurt) 95 milyon avro ödəyən Paris klubu 349,5 milyon avro itirib. Qeyd edək ki, PSJ bu transferi reallaşdıra bilməyəcəyi halda belə 3-cü yerdəki mövqeyini itirməyəcəkdi. Başqa sözlə, İngiltərə klubları “Tottenhem” (248,6 milyon) və MS-nin (241,1 milyon) parisliləri keçmək şansı yox idi.
“Çelsi” daha çox qazanıb
Maraqlıdı ki, transferlərdən daha çox qazanan klubların siyahısına da “Çelsi” başçılıq edir. Necə deyərlər, həm çox oyunçu alıblar, həm də çox satıblar. İngiltərə klubunun satışlardan əldə etdiyi təzminatın ümumi dəyəri 267 milyon avrodu. “Zadəganlar” yalnız iki oyunçunun - Kay Haverts ilə Meyson Mauntun satışından ümumilikdə 145,8 milyon avro qazanıblar. Komandanı onlardan başqa Mateo Kovaçiç, Kristian Pulişiç, Ruben Loftus-Çik, Kalidu Kulibali və Eduar Mendi də tərk edib. Nəticədə bir klub üçün transfer dövründə satışlardan rekord qazanc formalaşıb.
Bu planda 2-ci yeri “Leyptsiq” tutub. Almaniya klubunun qazancı 240,7 milyon avroya bərabərdi.
Premyer-liqanın digər təmsilçisi də oyunçu satışından kifayət qədər irəli düşüb. “Brayton”ın göstəricisi 187,45 milyon avroya bərabərdi. Bu planda 4-cü yeri “Sauthempton”un tutması heç kimi təəcübləndirməsin. Komandanın premyer-liqanı tərk etməsi bir sıra aparıcı oyunçuların satışını qaçılmaz edib. Nəticədə “müqəddəslər”in xəzinəsinə 176,34 milyon avro daxil olub.
Yayın ən bahalı 10 keçidi
oyunçu hardan hara qiymət
1. Deklan Rays Vest Hem Arsenal 116,5
2. Moyses Kaysedo Brayton Çelsi 116
3. Cud Bellingem Borussiya D Real 103
4. Harri Keyn Tottenhem Bavariya 100
5. Randal Kolo Muani Ayntraxt F PSJ 95
6-7. Yoşko Qvardiol Leyptsiq Mançester Siti 90
6-7. Neymar PSJ Əl-Hilal 90
8-9. Kay Haverts Çelsi Arsenal 75
8-9. Rasmus Höylunn Atalanta Mançester Yunayted 75
10. Dominik Soboslai Leyptsiq Liverpul 70
Qeyd: keçid məbləği milyon avro ilə göstərilib.
Transferlərə daha çox xərcləyən klublar
1. Çelsi (İngiltərə) 464,1
2. Əl-Hilal (Səudiyyə Ərəbistanı) 353,1
3. PSJ (Fransa) 349,5
4. Tottenhem (İngiltərə) 248,6
5. Mançester Siti (İngiltərə) 241,1
6. Arsenal (İngiltərə) 239,9
7. Mançester Yunayted (İngiltərə) 206,7
8. Əl-Əhli (Səudiyyə Ərəbistanı) 184,18
9. Liverpul (İngiltərə) 172
10. Əl-Nəssr (Səudiyyə Ərəbistanı) 165,10
Qeyd: transfer xərci milyon avro ilə göstərilib.
Transferlərdən daha çox qazanan klublar
1. Çelsi (İngiltərə) 267
2. Leyptsiq (Almaniya) 240,7
3. Brayton (İngiltərə) 187,45
4. Sauthempton (İngiltərə) 176,34
5. Bavariya (Almaniya) 173,25
6. Vulverhempton (İngiltərə) 167,7
7-8. Vest Hem (İngiltərə) 156,4
7-8. Ayaks (Niderland) 156,4
9. Atalanta (İtaliya) 155,5
10. Renn (Fransa) 143,5
Qeyd: qazanc milyon avro ilə göstərilib.
Liqalar üzrə transfer xərcləri
1. İngiltərə premyer-liqası 2,84 milyard
2. S.Ərəbistanı yüsək liqası 945 milyon
3. Fransa Liqa 1-i 900,6 milyon
4. İtaliya A seriyası 854,46 milyon
5. Almaniya bundesliqası 747,03 milyon
6. İspaniya La Liqası 439,85 milyon
Qeyd: transfer xərci avro ilə göstərilib.
İngiltərə klublarının transfer xərcləri
1. Çelsi 464,1
2. Tottenhem 248,6
3. Mançester Siti 241,1
4. Arsenal 239,9
5. Mançester Yunayted 206,7
6. Liverpul 172
7. Nyukasl 153,2
8. Vest Hem 137,6
9. Bornmut 127,7
10. Nottingem Forest 126,2
Qeyd: transfer xərci milyon avro ilə göstərilib.