Serbiya prezidenti Türkiyənin qələbəsini həzm edə bilmədi

5.09.2023 10:52 238
İdman
Məlum olduğu kimi Türkiyənin qadınlardan ibarət voleybol komandası ötən həftəsonu başa çatan Avropa çempionatının qalibi oldu.

"Football-plus.az" xəbər verir ki, tarixində ilk dəfə bu uğuru qazanan qardaş ölkənin xanımları həlledici görüşdə Serbiyanı 3:2 hesabı ilə üstələdi.

Dünən Serbiya prezidenti Aleksandar Vuçiç öz iqamətgahında serbiyalı xanım voleybolçuları qəbul edib. Mikrofon qarşısına keçərək onlara təsəlli verməyə çalışan prezident yarızarafat, yarıciddi diqqətçəkən açıqlamalar verib. Ötən ilə qədər məhz Serbiyanı çalışdıran, hazırda isə Türkiyənin başında yer alan, qələbəyə çılğın şəkildə sevinən italiyalı məşqçi Daniele Santarelliyə söz atan Vuçiç serblərin lideri Tiyana Boşkoviçin turnirin ən dəyərli oyunçusu seçilən Türkiyə yığmasının üzvü Melissa Varqasdan güclü olduğunu da bildirib:

''Serbiya bayrağını qürurla təmsil etdiyiniz, üzünüzdəki gülüş əskik olmadan mübarizə apardığınız, Santarelli kimi olmadığınız və başqasının məğlubiyyətinə sevinmədiyiniz, qısası hər şey üçün təşəkkürlər. Boşkoviç, onlar nə deyirsə desin, sənin o Varqasdan güclü olduğunu hamımız və ölkədəki hər kəs bilir. Qızlarımız mənim zarafatlarıma gülürlər, amma digər tərəfdən artıq indidən növbəti nəhəng turnirə hazırlaşırlar. Bu, böyük komandaların özəlliyidi. Çoxlu qızıl medal qazandıqdan sonra gümüş medal qazanmaq məğlub olmaq mənasını verməməlidi. Qoy, bir az Ebrar Karakurtlar və Melissa Varqaslar da sevinsin. Onları təbrik edirik, amma Parisdəki Olimpiadada hər şey fərqli olacaq''.

ƏLİ