Mayın 16-da İsraildə 17 yaşlı futbolçular arasında Avropa Çempionatının final mərhələsi start götürüb.
"Football-plus.az" xəbər verir ki, qardaş Türkiyə yığması üçün qrup mərhələsi uğursuz başlayıb. Belə ki, İspaniya, Belçika və Serbiya ilə birlikdə C qrupunda qərarlaşan türklər Nes Tsiona şəhərində keçirilən ilk oyunda İspaniyaya 2 cavabsız qolla məğlub olublar.
İspanların qollarını 41-ci dəqiqədə Dani Rodriges və 52-ci dəqiqədə İker Bravo vurub. Türkiyənin ən azı bir qol vurmaq üçün kifayət qədər fürsətləri olsa da, topu tora göndərmək mümkün olmayıb. Qeyd edək ki, 17 yaşlılar arasında AÇ-nin 9 dəfə qalibi olmuş İspaniya turnirin ən titullu komandasıdı. Bu qrupda ilk turun digər oyununda Serbiya ilə Belçika 1:1 bərabərə qalıb. Türkiyə qrupdakı ikinci görüşünü sabah Rişon le Tsion şəhərində Serbiyaya qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 15.30-da başlayacaq.