Ötən bazar günü qadınlar arasında 9-cu dünya çempionatına yekun vuruldu.
"Football-plus.az" xəbər verir ki, Avstraliya və Yeni Zelandiyanın evsahibliyi ilə keçirilən və 1 ay davam edən turnirin finalında İspaniya ilə İngiltərə qarşılaşdı. Sidneydə keçirilən və 75 mindən çox azarkeşin izlədiyi həlledici görüşdə minimal hesabla üstün olan ispanlar tarixində ilk dəfə mundialın qalibi oldu.
“Onun hərəkəti xoşuma gəlmədi, amma nə edə bilərdim?”
Turnirdən öncə İspaniya yığmasında daxili intriqalar səngimək bilmirdi. Paltardəyişmə otağında ab-hava heç də yaxşı deyildi. Belə ki, mundialın başlamasına az qalmış yığmanın 15 üzvü baş məşqçi Xorxe Vildanın onlara münasibətini əsas gətirərək onun başçılığı altında oynamaq istəmədiklərini bildirdilər. Amma İspaniya Kral Futbol Federasiyasının (İFF) prezidenti Luis Rubiales məşqçinin tərəfini tutdu. Nəticədə həmin 15 futbolçudan yalnız üçü yığmaya qayıtdı. Turnirboyu hətta İspaniya qol vurandan sonra da oyunçuların məşqçiyə soyuq münasibəti hiss olunurdu. Bu hadisələrin fonunda “buğalar”ın zəfərini kiçik bir möcüzə də adlandırmaq olar. Finalda yeganə qolun məllifi olan və qəhrəmana çevrilən İspaniyanın kapitanı Olqa Karmona həm həyatının ən sevincli, həm də ən kədərli gününü yaşadı. Oyundan sonra ona atasının dünyasını dəyişməsi barədə xəbəri çatdırdılar...
Amma mükafatlandırma mərasimi zamanı elə bir hadisə baş verdi ki, bütün bunlar və eləcə də İspaniyanın möhtəşəm zəfəri dərhal arxa plana keçdi. Oyunçulara qızıl medallar təqdim olunarkən birdən-birə futbol qurumunun rəhbəri Rubiales yığmanın liderlərindən olan Cennifer Ermosonu əvvəlcə möhkəm qucaqladı. Sonra da onu başından tutub özünə tərəf çəkdi və dodaqlarından öpdü! Bütün bu proses cəmi 3 saniyə davam etdi. Amma olay canlı yayında bütün dünyanın gözü önündə baş verdiyi üçün sosial şəbəkələrdə ildırım sürəti ilə yayılmağa başladı. Hadisənin davamı da var. Sonradan paltardəyişmə otağında oyunçulardan birinin açdığı canlı yayında Ermoso hadisəni belə şərh etdi: “Əlbəttə, onun hərəkəti xoşuma gəlmədi. Amma mən nə edə bilərdim?” Salma Paralluelonun açdığı canlı yayında isə Rubialesin də paltardəyişmə otağına gəldiyi göründü. Kefi kök olan prezident həmin vaxt oyunçulara “İbitsadakı tətilinizin pulu artıq ödənilib” dedi və zarafatla həmin tətildə Ermoso ilə toy edəcəklərini əlavə etdi!
Olayın səbəbkarlarının ilk sözləri
Olay yavaş-yavaş sosial şəbəkə çərçivəsindən çıxaraq böyük bir qalmaqala çevrilməyə başladı. İspaniya ictimaiyyəti sanki bu mövzunu gözləyirmiş kimi başqa hər şeyi unudub yalnız bundan danışmağa başladı. Qadına qarşı zorakılıq son illərdə ən həssas mövzulardan biri olduğu üçün bu 2-3 saniyəlik olay gündəmi zəbt etdi. Hər şeyin cığırdan çıxmağa başladığını görən qalmaqalın iştirakçıları ictimaiyyəti sakitləşdirməyə çalışdılar. Əvvəlcə Ermoso bəyanat yayaraq bunları dedi: “Bu, DÇ-dəki qələbənin yaratdığı sevinc hisslərindən sonra tam gözlənilmədən və öz-özünə baş verən qarşılıqlı bir jest idi. Bizim prezidentlə münasibətlərimiz əladı. Hər zaman davranışı çox yaxşı olub. Öpuş isə ürəkdən gələn və təşəkkür mənasını verən bir təbii jest idi. Əsas idi ki, biz dünya çempionuyuq”.
Ermosonun anası Marisol Fuentes də Rubialesin hərəkətində faciəvi bir şey görmədiyini deyərək “qızlarımız dünya çempionudu, qalan şeylər isə heç bir əhəmiyyət daşımır” dedi. Rubiales özü əvvəlcə “Radio Marka”nın canlı yayınında bunları deedi: “Cenni ilə öpüş? Axmaqlar hər yerdə var. Biz bununla bir-birimizə nə qədər bağlı olduğumuzu göstərdik. Axmaqların dediklərinə fikir vermək lazım deyil”.
Rubiales cinayətkardı?
Ümumiyyətlə, İspaniya Avropada belə mövzulara və gender bərabərliyinin pozulmasına ən ciddi yanaşan ölkələrdən biridi. Qalmaqalın bütün iştirakçıları məsələni “malalamağa” çalışsa da, söhbət ispaniyalı siyasətçilərə qədər gedib çıxdı. Ölkənin hüquq bərabərliyi naziri İren Montero bunları dedi: “Gəlin, bir xanımı onun icazəsi olmadan öpmək məsələsini bu qədər adiləşdirməyək. Bu, seksual zorakılığın bir növsüdü və hər gün dünyada saysız-hesabsız qadın bundan əziyyət çəkir. Bunu normal hadisə kimi qəbul edib ona göz yuma bilmərik”. İspaniyanın sosial hüquq üzrə naziri ictimaiyyətə belə bir sual ünvanladı: “Onlar bunu bütün İspaniyanın gözü önündə etdilərsə, təklikdə olsalar, nə edərlər?” İspaniyanın mədəniyyət naziri Mikel Ayeta dərhal üzrxahlıq tələb etdi: “Bir qadını təbrik etmək üçün onu dodaqdan öpmək qəbuledilməzdi. Qadına hörmətlə yanaşmaq lazımdı. Rubiales üzr istəməli və hər şeyi izah etməlidi”. İspaniyanın Sosialist İşçi Partiyasının deputatı Adriana Lastra bu hadisəni rüsvayçılıq adlandırdısa, partiyanın sabiq deputatı Pablo Eçenike bir qədər də irəli gedərək Rubialesin cinayətkar olduğunu dedi! Kataloniyanın idman və bədən tərbiyəsi naziri isə Rubialesi dərhal istefa verməyə çağırdı: “O, düşünmədən istefa verməlidi. Elit idmançılar özlərinə qarşı bu cür münasibəti qəbul etməməlidilər”. Maraqlıdı ki, “Real”ın və İspaniya futbolunun əfsanəsi İker Kasilyas da olaya biganə qalmayaraq öz səhifəsində “baxaq görək, kimsə istefa verəcəkmi” paylaşımını etdi. Kasilyas 2020-ci ildə federasiya prezidenti vəzifəsi uğrunda Rubialeslə mübarizə aparsa da, məğlub olmuşdu. İspaniyanın peşəkar idmanda qadınlar assosiasiyası isə Rubialesdən ya qadın idmançılarla münasibət qurmağı öyrənməyi, ya da istefa verməyi tələb edib.
Üzrxahlıq da bir işə yaramadı
Bu boyda tənqidlərdən sonra Rubiales “Marka”ya müsahibəsində “ağ bayraq qaldıraraq” fikrini dəyişməli oldu: “Təbii ki, səhvə yol verdim. Hər şey ani baş verdi. Belə alındığına görə üzgünəm. Düzgün hərəkət etmədim və bunu etiraf etməliyəm. Amma bir daha deyirəm ki, həmin an hər birimiz emosional anlar yaşayırdıq. Bu hərəkəti beynimdə pis fikir olmadan və ani şəkildə etdim”. Maraqlıdı ki, üzrxahlıqdan sonra da ispanlar Rubialesdən əl çəkmək istəmir. Ölkənin əmək və iqtisadiyyat naziri Yolanda Dias funksionerin istefasını tələb edir: “Onun sözləri mənasızdı. Ortada qadına qarşı cinsi zorakılıq faktı var və buna görə də Rubiales dərhal istefa verməlidi”. Baş nazir Pedro Sançes bir qədər yumşaq danışıb: “Futbolçularımız bu turnirdə böyük iş gördülər. Amma Rubialesin hərəkəti göstərdi ki, bu sahədə hələ çox iş görülməlidi. Mundialdakı uğur sübut etdi ki, bizim ölkədə güclü idmançılar yetişir və qadın futbolu xüsusi nüfuza malikdi. İKFF hökümətdən asılı deyil və öz əməkdaşlarını özü seçir, eləcə də özü istefaya göndərir. Federasiya bu məsələni aydınlatmaq üçün daha real addımlar atmalıdı. Finaldan sonra gördüyümüz mənzərə qəbulolunmazdı. Rubialesin üzrxahlığı yetərli deyil. Öz fikirlərini daha aydın və qərarlı şəkildə izah etməlidi”. Rubialesi tənqid edənlər sırasına sabiq ispaniyalı tanınmış hakim Estrada Fernandes də qoşulub. O, tənbəllik etməyərək federasiayay Rubialesdən şikayət məktubu ünvanlayıb. O, bu hərəkəti qəbulolunmaz adlandıraraq prezidentə qarşı dərhal protokola uyğun addım atılmasını, yəni onun istefaya göndərilməsini tələb edib.
Açıqlama Ermosoya aid deyilmiş!
Hələ ki bu günlər ərzində Rubialesin tərəfini yalnız bir nəfər tutub. Almaniya futbolunun əfsanəsi və “Bavariya”nın yönəticisi Karl-Haynts Rummenigge bunları deyib: “Məsələni bu dərəcədə şişirtməyə dəyməz. Dünya çempionluğu elə-belə hadisə deyil. Bu turnirin qalibi olandan sonra insan bəzən emosiyalara qapılır. Biz ÇL-in qalibi olanda mən də kişiləri dodaqdan olmasa da, qucaqlayıb öpürdüm”. Ümumiyyətlə, bu zəfərdən sonra Rubiales həqiqətən də sanki bir neçə anlığa ağlını itirmişdi. Final fitindən sonra onun daha bir görüntüsü yayıldı. İKFF prezidenti fəxri qonaqların, eləcə də İspaniya kralı VI Filippin qızı Sofiya və həyat yoldaşı Letisiyanın düz yanında əlini cinsi orqanına qoyaraq çılğın şəkildə qələbəni qeyd etməyə başladı!
Bu arada İspaniyanın “Relevo” nəşri ortaya daha bir maraqlı iddia atıb. Sən demə, Rubiales öpüşünün böyük əks-səda doğuracağını dərhal anlayıbmış. İspaniya nümayəndə heyəti oyundan sonra Madridə yollanmamış təyyarə ilə əvvəlcə Sidneydən Dohaya yollanmışdı. Həmin uçuş zamanı Rubiales komandanın sponsorları, digər futbolçuları və onların ailə üzvlərinin gözü önündə Ermosoya az qala yalvarmağa başladı. O istəyirdi ki, Ermoso ilə birlikdə ictimaiyyət üçün üzrxahlıq videosu yayınlayaraq məsələyə aydınlıq gətirsin. Rubiales bu məsələyə görə başının ağrayacağını və Ermosonun köməyinə ehtiyacı olduğunu bilidiribmiş. Hətta baş məşqçi Xorxe Vilda da həmin videoya görə bir neçə dəfə futbolçunun ailə üzvlərinə müraciət edib. Amma finalda penalti qaçıran İspaniyanın “10 nömrə”si bundan imtina edərək yalnız DÇ-dəki qələbə barədə danışacağını bildirib. Bundan başqa, “Relevo” daha bir faktı dəqiqləşdirib. Sən demə, Ermoso “öz-özünə baş verən qarşılıqlı bir jest” açıqlamasını verməyibmiş. Onun, ümumiyyətlə, bu açıqlamadan xəbəri olmayıb. Bu bəyanatı Ermosonun adından frederasiyanın mətbuat katibi yayıbmış! Göründüyü kimi, 1 saniyəlik öpüşün dünya çempionluğunu kölgədə qoyduğu bir dünyada yaşayırıq. Bəs siz necə düşünürsüz? Rubialesin hərəkətini qadına qarşı cinsi zorakılıq saymaq olarmı?