"Şamaxı"dan "Sektor 56"ya: " Çətin dövrdə yanımızda olmayanlar əsl azarkeş ola bilməz"

19.08.2023 13:52 1 045
Manşet
"Şamaxı"nın ən böyük fanklubu "Sektor 56"nın komandanı dəstəkləməkdən imtina etdiyini xəbər vermişdik.

Azarkeş qrupunun rəhbəri Loğman Məlikli saytımıza açıqlamasında buna klubun 1-ci liqaya yuvarlanmasının və rəhbərliyin, sadəcə, yerli futbolçularla çıxış etməsinin səbəb olduğunu demişdi.

Görəsən, bölgə təmsilçisi tərəfdarların narazılığını necə qarşılayır? Klubun iradlara mövqeyi hansı yöndədi?

Bu sualları "Şamaxı"nın mətbuat xidmətinin rəhbəri Yusif Hüseynova ünvanladıq. O, klubun rəsmi mövqeyini "Football-plus.az"a açıqladı:

"Başverənlərdən xəbərdarıq. "Sektor 56"ya yalnız uğurlar arzulayırıq. İkinci dəfədi onlar belə məzmunlu açıqlama verir. Hazırda sözügedən fanklubla heç bir bağlılığımız yoxdu. Çətin dövrdə yanımızda olmayanlar əsl azarkeş ola bilməz. Komanda dəstəksiz deyil. Çünki Şamaxıda futbola maraq yaranıb. İndiyə qədər keçirdiyimiz üç yoxlama oyununun hər birində stadiona 500-600 azarkeş gəlib. Rəsmi oyunlarda bu say daha da artacaq. Əsl tərəfdarlarımız komandada yerli futbolçuların oynamasını istəyir".

KƏNAN BAHADIR