“Dünya kubokuna 69-cu kimi qatılan Nicat həyatının turnirini keçirir”

19.08.2023 13:31 279
Aktual / İdman
Bakıda keçirilən şahmat üzrə dünya kuboku sona yaxınlaşmaqdadı.

Kişilərin turnirində 4 yarımfinalçıdan üçünün, qadınların turnirində isə finalçılardan birinin müəyyənləşdiyini xəbər vermişdik.

Tay-brek oyunlarından qalib ayrılan hindistanlı Rameşbabu Praqqnanandha yarımfinalda ABŞ təmsilçisi Fabiano Karuanaya rəqib olub. Qadınlar arasında turnirin finalında isə bolqarıstanlı Nurgül Səlimova FİDE adından yarışan rusiyalı Aleksandra Qoryaçkina ilə qarşılaşacaq.

"Football-plus.az" xəbər verir ki, həlledici oyunlar bu gün start götürəcək. Yarımfinalda dünya şahmatının əfsanəsi, 16-cı dünya çempionu Maqnus Karlsenlə qarşılaşacaq Nicat Abbasovun çıxışı hər kəsin maraq dairəsindədi. Həmvətənimiz bu gün ilk partiyada qara, sabah isə ağ fiqurlarla oynayacaq. Klassik partiyalarda qalib müəyyənləşməsə, avqustun 21-də tay-brek olacaq.

Bildiyiniz kimi, həm kişilər, həm də qadınlar arasında ilk üç yeri tutanlar şahmat tacına İddiaçıların turnirinə vəsiqə qazanacaq. Karlsen həmin turnirdə oynamaq istəmədiyindən Nicatın qarşıdakı oyunlarda uduzsa belə, şahmat tacına iddialılarla bir sırada olacağını deyənlər çoxdu. Ancaq FİDE-nin hələ ki 4-cüyeri tutanla bağlı qərarı yoxdu. Rusiyanın məşhur “Sport-Ekspress” qəzeti dünya kuboku ilə bağlı yazısında bu məqama da toxunub:

"Avqustun 16-da Nicat Abbasovla Fabiano Karuana da 1/4 finaldan qalib ayrıldı. Beləcə amerikalı ilə azərbaycanlı böyük ehtimalla 2024-cü ildə keçiriləcək İddiaçılar turnirinə vəsiqə qazandılar. Və aşkar favorit Karuananın bu mərhələyə yüksələcəyi gözlənilən idisə, mübarizəyə 69-cu şahmatçı kimi başlayan Nicat Abbasov açıq-aşkar həyatının turnirini keçirir. Bununla bağlı indi Azərbaycanda necə bayram yaşandığını təsəvvür etmək çətindi. Ümumiyyətlə, yarımfinala vəsiqə Torontoda yer almaq anlamına gəlmir. Ona görə ki, dünya kubokundan İddiaçılar turnirinə yalnız üç şahmatçı çıxır".

Ancaq Karlsen bugünkü görüşdən sonra mətbuat konfransında işarə vurdu ki, İddiaçılar turnirində iştirak etməyəcək:

“İstinad nöqtəsi o olmalıdı ki, mən İddiaçılar turnirində oynamayacam, yarımfinala çıxanlar avtomatik həmin turnirə vəsiqə qazanır”.