Premyer-liqada ötən mövsümün iddialıları bu mövsümə də yaxşı başladı.
"Football-plus.az" “Mançester Siti” ilə “Nyukasl” rəqiblərini darmadağın etdi, “Arsenal” çətin qələbə qazandı. “Tottenhem”, eləcə də bir-biri ilə qarşılaşan “Çelsi” və “Liverpul” xal itkisindən qaça bilmədi. Turun dünən axşam keçirilən son oyununda isə “Mançester Yunayted” “Vulverhempton”u məğlub etdi.
Turun mərkəzi oyununda “Çelsi” “Liverpul”u qəbul etdi. Kimisə favorit saymaq çətin idi, axı komandalar mövsümlərarası dövrə heyəti ciddi şəkildə yeniləyib, yəni bərabər oyun gözləməyə dəyərdi. Belə də oldu.
İlk yarıda qonaqlar xoş təsir bağışladı, Salah oyunun əvvəlində tiri “nişan aldı”. Ancaq misirli 18-ci dəqiqədə Diasa məhsuldar ötürmə verməklə hesabın açılmasında böyük rol oynadı. “Çelsi” tədricən özünə gəldi və “qırmızılılar”ı sıxışdırmağa başladı. Cavab qolunu çox gözləmək lazım gəlmədi. Çiluellin ötürməsindən sonra Disasi fərqləndi. İki dəqiqə sonra meydan sahibləri növbəti dəfə rəqib qapısına yol tapsa da, Çiluell ofsaydda olduğuna görə qol sayılmadı. Komandalar 2-ci hissədə daha ehtiyatlı oynadı. Düzdü, qol vəziyyətləri yaranırdı, ancaq 1-ci hissədəki qədər yox. Bir sözlə, 1:1 hesabı oyunun axarına uyğun idi.
“Bernli” – MS və ya Vensan Kompani – Pep Qvardiola rəqabətində intriqa çox tez, oyun başlayandan cəmi 3 dəqiqə sonra öldü. Qonaqlar, daha dəqiqi, Holann elə ilk standart vəziyyətdən yararlandı. Meydan sahibləri zaman-zaman dış qıcayırdılar, qonaqlar hissənin ortalarında De Bruyneni zədə üzündən itirdilər, fasiləyə 10 dəqiqə qalmış isə fərqi artırdılar. Fasilədən sonra da oyunun axarı dəyişmədi. Qvardiolanın komandası “qənaət” rejimində oynasa da, müntəzəm təhlükəli vəziyyətlər yaradırdı. Sona 15 dəqiqə qalmış növbəti standart vəziyyət “Bernli”nin qapısına 3-cü qolun vurulmasıyla nəticələndi. Bununla də hər şey bitdi. Kompaninin əvəzetmələri oyunun axarını dəyişmədi. 3:0 “Bernli”nin səviyyəsi haqda hansısa qənaətə gəlməyə əsas vermir, ona görə ki, bu MS istənilən rəqibin müdafiəsini belə darmadağın etməyə qadirdi.
MS qədər inamlı olmasa da, “Arsenal” da yeni mövsümün ilk turunda qələbə qazandı. “Topçular”ın qurbanı “Nottingem Forest” oldu. Oyunun əvvəlində elə görünürdü ki, “meşəçilər” darmadağından qaça bilməyəcək. “Arsenal” ilk yarının təxminən 85 faizində topa nəzarət etməklə rəqib qapısı önündən çəkilmirdi. Düzdü, qol vəziyyətlərinin sayı çox deyildi. Hər halda, “Arsenal” Nketia ilə Sakanın sayəsində iki gözəl qol vurdu. Fasilədən sonra da meydan sahibləri oyunun axarına nəzarət etsə də, onlar artıq daha arxayın davranır, gərginliyi artırmırdılar. Bundan ruhlanan nottingemlilər Avoniyinin vurduğu qolla hətta intriqanı bərpa etdilər. Ancaq qonaqlar bundan artığına nail ola bilmədilər.
Tonalinin ilk qolu və İsakın dublu “Nyukasl”ın “Aston Villa”nı darmadağın etməsinə şərait yaratdı. Hər iki komanda “transfer bazarı”nda böyük pullar xərcləyib. İlk 15 dəqiqə qarşılıqlı qollarla müşayiət olundu. 16-cı dəqiqədə İsak hesabı 2:1 etdi və fasiləyə qədər başqa qol olmadı. Eddi Hau fasilədə “sağsağanlar”a necə motivasiya vermişdisə, 2-ci hissə, ümumiyyətlə, onların aşkar dominantlığı şəraitində keçdi. İsakın, Uilson, lap sonda isə Barnsın qolları Emerini və birmingemliləri şoka saldı.
“Tottenhem” Keynsiz dönəmə heç-heçə ilə başladı. “Brentford”la oyun stadionun sanitar qovşağında yaranan problem üzündən bir qədər gec başladı. Bəlkə də heç borulardan su axmırdı, amma bu oyunda qollar yağış kimi yağdı. 4 qolun hamısı 1-ci hissədə vuruldu! Hesabı 11-ci dəqiqədə “mahmızlar”dan Romeo açsa da, 27-ci dəqiqədə Mbeumo geriliyi aradan qaldırdı. Bir də hissənin sonlarında komandalar hərəyə bir qol vurdu. 2-ci hissədə hesab dəyişmədi. Bu komandalar arasında keçirilən son 4 oyundan üçü heç-heçə bitib. Yeri gəlmişkən, “Brentford” premyer-liqada açılış oyununda heç vaxt uduzmur. Daha bir maraqlı məqam var: “Tottenhem” son 4 mövsümün heç birini başladığı məşqçi ilə bitirə bilməyib. Görəsən, Ange Postekoğlu bu qəribə tendensiyaya son qoymağı bacaracaqmı?
Turun qalan oyunlarına gəlincə, İngiltərəni Avropa Liqasının qrupunda təmsil edəcək “Brayton” elitanın debütantı “Luton”u darmadağın etdi. “Fulhem” və “Kristal Pelas”, uyğun olaraq, “Everton” və “Şeffild Yunayted” ilə səfər oyunundan minimal qələbə ilə ayrıldı. “Bornmut” – “Vest Hem” oyunu isə “sülh”lə bitdi.
1-ci tur
Bernli – Mançester Siti 0:3
Holann, 4; 36. Rodri, 76. (21572)
MS: Ederson, Lüis (Qvardiol, 79), Ake (Lyaport, 79), Akanci, Uoker (Makeyti, 90+6), De Bruyne (Kovaçiç, 23), Rodri, Foden, Alvares, B.Silva, Holann (Palmer, 80).
Arsenal – Nottingem Forest 2:1
Nketia, 26. Saka, 32 – Avonyi, 81. (59984)
Arsenal: Remsdeyl, Timber (Tomiyasu, 50), Saliba, Uayt, Parti, Edeqor, Rays, Haverts, Martinelli (Qabriel, 87), Nketia (Trossar, 73), Saka.
Çelsi – Liverpul 1:1
Disasi, 37 – Dias, 18. (40096)
Çelsi: Sançes, Koluill, Silva, Disasi, Ceyms (Hüsto, 76), Qallaher, Fernendes, Çukvuemeka (Maatsen, 81), Çiluell (Uqoçukvu, 90), Cekson, Sterlinq (Mudrik, 81).
Liverpul: Alisson, Robertson, Van Diyk, Konate, Aleksander-Arnold, Soboslai, Makallister, Qakpo (Cons, 66), Dias (Doak, 77), Jota (Nunyes, 66), Salah (Elliott, 77).
Nyukasl – Aston Villa 5:1
Tonali, 6. İsak, 16; 58. Uilson, 77. Barns, 90+1 – Diabi, 11. (52207)
Nyukasl: Poup, Bern, Botman, Şer, Trippyer, Tonali (Anderson, 90+2), Gimarayns (Lonqstaff, 85), Joelinton, Qordon (Barns, 68), İsak (Uilson, 68), Almiron (Merfi, 85).
Brentford – Tottenhem 2:2
Mbeumo, 27. Vissa, 37 – Romero, 11. Emerson, 45+5. (17066)
Tottenhem: Vikario, Udoci, Van de Ben, Romero (Sançes, 14), Emerson, Bissuma, Skipp (Sarr, 75), Son Hın Min (Perişiç, 75), Meddison, Kulusevski, Rişarlison.
Brayton – Luton 4:1
Març, 36. Pedro, 71-p. Adinqra, 85. Ferqyuson, 90+6 – Morris, 79-p. (31782)
Everton – Fulhem 0:1
De Kordova-Rid, 46. (39940)
Şeffild Yunayted – Kristal Pelas 0:1
Eduar, 50. (31194)
Bornmut – Vest Hem 1:1
Solanke, 83 – Bouen, 51. (10552)
Mançester Yunayted – Vulverhempton 1:0
Varan, 76. (73358)
Bombardirlər: Holann (Mançester Siti), İsak (Nyukasl) – 2.
Növbəti turun oyunları avqustun 18-21-i aralığında keçiriləcək: Nottingem Forest – Şeffild Yunayted, Fulhem – Brentford, Luton – Bernli, Liverpul – Bornmut, Vulverhempton – Brayton, Tottenhem – Mançester Yunayted, Mançester Siti – Nyukasl, Aston Villa – Everton, Vest Hem – Çelsi, Kristal Pelas – Arsenal.
Turun rəqəmi
100 – Holann Avropanın “top-5” liqasında qol sayını bu həddə çatdırdı. Norveçli forvard İngiltərə çempionatında keçirdiyi 36 oyunda 38 qol vurub. 23 yaşlı futbolçu həmçinin Dortmund “Borussiya”sının heyətində Almaniya çempionatında 62 dəfə fərqlənib. O, buna bundesliqada üç mövsüm ərzində keçirdiyi 67 oyunda nail olub.
Turun ulduzu
Erlinq Holann (MS) – son rəsmi oyunlardakı qol susqunluğuna görə ciddi tənqidlərə məruz qalan norveçli “partladı”. Özü də necə! Artıq ilk yarıda dubl etməklə son nəticənin müəyyənləşməsində önəmli rol oynadı. Eləcə də ilk turda iki qol vurmaqla bu mövsüm də bombardirlər yarışında olacağının anonsunu verdi.
Turun sitatı
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi (Salahın əvəzlənərkən narazılıq etməsinə reaksiyası): “Onu anlaya bilirəm, Mo qol vursaydı, premyer-liqada start turlarında qol sayına görə yeni rekord müəyyənləşdirəcəkdi. Ancaq mən bu haqda düşünmürdüm. Onun reaksiyası tam normal idi. Bir hücumçu hesab 1:1 olarkən əvəzlənmə zamanı qucağıma tullansaydı, həqiqətən təəccüblənərdim”.
Oyundan sonra
Pep Qvardiola, MS-nin baş məşqçisi: