Premyer-liqada sona az qaldıqca “Arsenal”la “Mançester Siti” arasındakı xal fərqi də azalır.
“Football-plus.az” xəbər verir ki, ehtiyatda bir oyunu qalan “şəhərlilər” londonlulardan 6 xal geridədi. MS növbəti darmadağına imza atdısa, “Arsenal” “Liverpul”la oyunda xal itirdi. “Nyukasl”la “Mançester Yunayted” 3-4-cü yerləri bölüşür. “Sağsağanlar”ın əzmkar qələbəsi ilə paralel mankunianlar da “Everton”un öhdəsindən gəldi. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Tottenhem”lə “Brayton”un duelindən “mahmızlar” qalib ayrıldı. Frenk Lempardın dönüşü də “Çelsi”yə yardım etmədi. Əvəzində məğlubiyyətsiz oyunlar seriyasını davam etdirən “Aston Villa” artıq avrokuboklara iddialıdı.
Turun əsas oyununda qalib müəyyənləşmədi – “Liverpul” sonda məğlubiyyətdən qaça bildi. Çox möhtəşəm, emosiyalarla zəngin oyunun ilk yarısında qonaqların müəyyən üstünlüyü var idi. Debütdə Martinelli hesabı açdı, 20 dəqiqə sonra isə məhz onun ötürməsindən sonra Jezus fərqi artırdı. Hissənin sonunda fəallaşan mersisaydlıların baxımlı hücumunu Salah qolla tamamladı. 2-ci hisə isə birmənalı şəkildə “Liverpul”un üstünlüyü şəraitində keçdi. Meydan sahiblərinin saysız-hesabsız qol imkanı var idi. Salah ardıcıl 2-ci penaltini boşa verdi. Kloppun Firminonu meydana buraxmaqla 4 hücumçulu sistemə keçməsi həlledici oldu. Sona yaxın Aleksander-Arnoldun asmasını tamamlayan braziliyalı “Liverpul”u məğlubiyyətdən qurtardı. Bununla da “Arsenal”ın premyer-liqadakı 7 oyunluq qələbə seriyasına son qoyuldu.
MS cari mövsümdəki 9-cu böyükhesablı qələbəsini qazandı. İlk dövrədə 0:4 hesabıyla uduzan “Sauthempton”un bu dəfə təsəlli qolu vurmağa gücü çatdı. Ruben Sellesin komandası güclü rəqibə “dişini göstərməyə” çalışsa da, zədədən dönən Holann hissənin sonunda hesabı açdı. Ağır turnir vəziyyətinə görə hər oyunda xala ehtiyac duyan “müqəddəslər” fasilədən sonra hücum etməyə çalışdı. Belədə qonaqlar boş zonalar əldə etməyə başladı. Qrilişlə Holannın qolları oyunun taleyini həll etdi. Mara 72-ci dəqiqədə fərqi azaltsa da, cəmi iki dəqiqə sonra Alvares penalti zərbəsi ilə oyunda son nöqtəni qoydu.
“Brentford” – “Nyukasl” oyununda iki fərqli hissə gördük. İlk yarıda “arılar” rəqibə göz açmağa imkan vermədi və bunun məntiqi nəticəsi kimi Touni hesabı açdı. Amma 2-ci hissədə sanki “sağsağanlar”ı dəyişdilər. Joelintonun asması zamanı topa uğursuzcasına toxunan Rayya hesabın bərabərləşməsinə səbəbkar oldu. Bundan 7 dəqiqə sonra İsak cərimə meydançasının xətti üzərindən “9-luğ”u nişan aldı. Əzmkar qələbə “Nyukasl”ı 3-cü pillədə saxladı.
MY “Everton”la oyunda inamlı qələbə qazandı. İlk yarıda çoxlu qol vəziyyəti yaradan “qırmızı şeytanlar” bunların yalnız birindən yararlandı. Maraqlı məqam odu ki, xala ciddi ehtiyac duyan liverpullular 2-ci hissədə də canlanmadı. 1:0-ın “sürüşkən” hesab olduğunu anlayan mançesterlilər 71-ci dəqiqədə daha bir qol vurmaqla sonluğun gərgin keçməsinin qarşısını aldı.
Turun əsas oyunlarından birində “Tottenhem” “Brayton”u qəbul etdi. Bu oyun təkcə avrokuboklara vəsiqə qazanmaq yox, ümumiyyətlə, “top-4”də yer almaq baxımından önəmli idi. Çox emosional, hətta qalmaqallı keçən – baş məşqçilər qovuldu – oyunun ilk yarısında tərəflər hərəyə bir qol vurdu. Baş məşqçilərin yoxluğunda da oyunun mənzərəsi dəyişmədi, təzyiqi artıran qonaqlar daha çox hücum edir, meydan sahibləri isə əks-hücum taktikası ilə kifayətlənirdi. 79-cu dəqiqədə mərkəzdə topu ələ keçirən “mahmızlar”ın sürətli hücumu zamanı Heybyerq Keynin fərqlənməsinə şərait yaratdı. “Qağayılar” çox çalışsalar da, qələbə hesabını qoruyan “Tottenhem” MY ilə “Nyukasl”ı izləməkdədi. “Brayton” artıq 6-cı yer uğrunda mübarizə aparmalıdı.
Lempard da “Çelsi”də vəziyyəti düzəldə bilməyib. “Vulverhempton” evdə “zadəganlar”ı açıq-aşkar üstələdi. Qonaqlar oyunboyu təhlükəli vəziyyət yaratmadı. 31-ci dəqiqədə hesabı açan “canavarlar” çətinlik çəkmədən qələbəni qorudu. “Çelsi” hələ ki avrokuboklara qatılmaq şansını itirməyib, amma belə oyunla bu vəzifənin həlli çətin görünür.
Möhtəşəm sürət yığan “Aston Villa” məğlubiyyətsiz oyunlar seriyasını 7-yə çatdırdı. “Nottingem Forest” ilk yarıda birmingemlilərə müqavimət göstərməyə çalışsa da, fasilədən sonra təslim oldu. Traore 48-ci dəqiqədə hesabı açdı. 5-ci uzatma dəqiqəsində fərqlənən Uotkins 2023-də 9-cu qolunu vurdu. Unay Emerinin komandası avrokuboklara vəsiqəyə iddialıdı.
Patrik Vieyranın rəhbərliyi altında 2023-də qələbə qazana bilməyən “Kristal Pelas” rəhbərliyi təqaüdçü Roy Hocsonu “sükan arxasına” gətirməklə çox doğru addım atıb. “Qartallar” bu dəfə “Lids”i əzib keçdi, özü də onun meydanında. Həftəortası təxirə salınan oyunda “Nyukasl”ın darmadağın etdiyi “Vest Hem” məğlubiyyətə düzgün reaksiya göstərdi və London derbisində “Fulhem”ə qalib gəldi. “Bağbanlar” MY ilə kubok oyunundakı hərəkətinə görə 8 oyunluğa cəzalanan əsas ulduzu Mitroviçin yoxluğunda əziyyət çəkir. Elitada qalmaq uğrunda mübarizə aparan komandaların duelində “Bornmut” “Lester”ə qalib gəlməklə bir qədər nəfəsini dərdi.
Turun rəqəmi
100 – Son Hın Min premyer-liqada qol sayını bu həddə çatdırdı. 30 yaşlı koreyalı forvard turnirin tarixinə 100 qol vurmağı bacaran ilk asiyalı kimi düşdü.
Turun ulduzu
Maykl Olise (Kristal Pelas) – “qartallar”ın böyükhesablı qələbəsinin memarı məhz adı çəkilən yarımmüdafiəçidi. Fransalı futbolçu “Lids”lə oyunda üç məhsuldar ötürmə verdi. Özü də cəmi 17 dəqiqə ərzində!
Faktlar
* “Arsenal” son 8 mövsümün yalnız iki oyununda “Liverpul”a qalib gəlib. “Topçular” 2015/16 mövsümündən bəri iki dəfə meydandan qalib ayrılıb: 2020-ci il iyulun 15-də 2:1 və ötən il oktyabrın 9-da 3:2 hesabıyla üstün olublar. “Liverpul”un isə bu müddətdə 9 qələbəsi və 5 heç-heçəsi var.
* Firmino premyer-liqada “Arsenal”a qarşı keçirdiyi 15 oyunda 11 qol vurub. “Liverpul”un heç bir başqa oyunçusu “topçular”ı bu qədər məyus etməyib.
* De Bruyne premyer-liqada 100-cü məhsuldar ötürməsini verdi. 237-ci oyunda bunu bacaran belçikalı İngiltərə çempionatının rekordçusudu. Əvvəlki rekord 100-cü ötürməni 293-cü oyunda verən Fabreqasa məxsus idi. Premyer-liqada 100 məhsuldar ötürmə müəllifi olan futbolçuların siyahısı: Giqqz (162), Fabreqas (111), Runi (103), Lempard (102), De Bruyne (100).
* Holann karyerasında qol sayını 200-ə, premyer-liqada isə 30-a çatdırdı. Xatırladaq ki, premyer-liqa 38 turdan ibarət olduğu dövrdə mövsüm ərzində ən çox qol vuran Salahdı – 2017/18 mövsümündə 32 top. Liqanın mütləq rekordu – 34 qol – isə Endi Koulla (Nyukasl, 1993/94) Alan Şirerə (Blekbern, 1994/95) məxsusdu, ancaq onların vaxtında mövsüm 42 turdan ibarət idi.